İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə dair yeni qaydaları oktyabrın 1-dən qüvvəyə minib. Dəyişikliklərə əsasən, kirayəçi müqavilə bağlandıqdan 3 il sonra öhdəliyini başqa şəxsə ötürə biləcək, lakin mexanizmdən yenidən yararlanmaq üçün 5 il gözləməli olacaq. Müraciətçilər üçün kredit tarixçəsinə dair tələblər də müəyyənləşdirilib. Bu yeniliklər kirayə mənzilə tələbatın yüksək olduğu, müraciətlərin qəbulunun isə müvəqqəti dayandırıldığı bir dövrə təsadüf edir.
Yeni qaydalar vətəndaşların kirayə mənzil əldə etmək imkanlarına necə təsir edəcək? Kirayə mənzil almaq istəyənləri nə gözləyir? Şərtlər daha da sərtləşir?
Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, yeni dəyişikliklər sırf kirayə mənzilə ehtiyacı olan şəxslərin bu hüquqdan istifadə etməsini təmin etmək məqsədi daşıyır:
“Əsas dəyişikliklərdən biri mənzili əldə etdikdən sonra onu satmaq hüququndan istifadə müddətinin bir ildən üç ilə qaldırılmasıdır. Əvvəllər bəzi şəxslər mənzilə ehtiyacı olmadığı halda bu hüquqdan yararlanır, daha sonra isə öz mənfəətlərini üzərinə qoyaraq kirayə yolu ilə əldə etdikləri mənzili almaq hüququnu daha baha qiymətə başqalarına ötürürdülər. Yeni qaydalar bu cür halların qarşısını almağa yönəlib. Digər tərəfdən, İpoteka və Kredit Zəmanət Fondunun mexanizmi çərçivəsində kredit götürmüş şəxslərin bu proqramda iştirakına məhdudiyyətlər tətbiq edilib. Yəni başqa bir kredit öhdəliyi olan şəxslərin eyni zamanda bu hüquqdan yararlanması məhdudlaşdırılır. Bu da sosial ədalət prinsipinin təmin olunmasına və mənzilə real ehtiyacı olan vətəndaşların bu istiqamətdə imkanlarının genişləndirilməsinə xidmət edir”.
Vüqar Oruc
İqtisadçı bildirib ki, digər dəyişiklik təkrar müraciət hüququndan yalnız beş ildən sonra istifadə etməyin mümkün olmasıdır:
“Bu qayda da mənzillərin biznes və spekulyasiya məqsədilə əldə edilməsinin qarşısını almağa, daha çox vətəndaşın mənzillə təmin olunmasına yönəlib. Bundan əlavə, müraciət edən şəxslərdən daha yüksək ödəniş qabiliyyəti və problemsiz kredit tarixçəsi tələb olunur. İlk baxışdan bu dəyişikliklər kirayə mənzil mexanizmində iştirakın məhdudlaşdırılması kimi görünsə də, mahiyyət etibarilə məqsəd mənzilə həqiqətən ehtiyacı olan şəxslərin bu imkanlardan yararlanmasını təmin etməkdir. Əvvəllər bəzi şəxslər, o cümlədən İT mütəxəssisləri və rieltorlar mənzilləri əvvəlcədən əldə edir, daha sonra müəyyən məbləğ qarşılığında bu hüquqları başqalarına ötürürdülər. Yeni qaydalar belə halların qarşısını almağa və real ehtiyacı olan şəxslərin prosesdə iştirakını təmin etməyə imkan verir”.
Ekspert qeyd edib ki, bu addımlar vətəndaşların mənafeyinə uyğundur:
“Əslində, söhbət sadəcə şərtlərin sərtləşdirilməsindən deyil, prosesin daha ədalətli və iqtisadi baxımdan əsaslı şəkildə təşkilindən gedir. Beləliklə, ödəniş imkanları olan vətəndaşlar bu mexanizmdən daha səmərəli istifadə edə, hüquqlarını sonradan satmaq niyyətində olan şəxslərin isə proqramda iştirakı məhdudlaşa bilər. Dəyişikliklərdən biri də əməkhaqqının hesablanması qaydası ilə bağlıdır. Əvvəllər hər ailə üzvü üçün minimum istehlak büdcəsi nəzərə alınaraq 300 manatlıq məbləğ çıxıldıqdan sonra hesablamalar aparılırdısa, indi bu yanaşmanın əvəzinə, faiz əsaslı hesablama tətbiq ediləcək. Bu dəyişiklik də vətəndaşın ödəniş qabiliyyətinin daha düzgün qiymətləndirilməsinə və müqavilə öhdəliklərini sonadək yerinə yetirə bilməsinə xidmət edir. Çünki əvvəlki hallarda bəzi vətəndaşlar müəyyən müddətdən sonra ödənişləri davam etdirməkdə çətinlik çəkir, nəticədə mənzili əldə etmək hüquqlarını bazarda başqalarına ötürməyə məcbur olurdular. Yeni qaydalar iştirakçıların dairəsini məhdudlaşdırsa da, bu, mənzilə real ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsinə və onların mənzil əldə etmək imkanlarının artırılmasına şərait yaradacaq”.
Ləman İmran
Globalinfo.az