Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin ən azı bir müddət Ermənistanda qalacağını bildirib.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə “Infocom“ telekanalında yayımlanan “Ctrl Z” proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, Musayevlə bağlı cinayət işi üzrə bütün prosedurlar Ermənistan ərazisində aparılacaq.
“Bizim cinayət işi üzrə prosedurlar Ermənistan Respublikasında həyata keçiriləcək. O, ən azı müəyyən müddət Ermənistanda qalacaq. Hazırda araşdırma aparılır və o, həbsdədir”, – Paşinyan deyib.
Azərbaycan hərbçisinin erməni məhbuslardan biri ilə dəyişdirilməsi ehtimalına da münasibət bildirən Paşinyan bunun gələcəkdə qarşılıqlı öhdəlik məsələsi yaradacağını söyləyib.
“Fərz edək ki, biz əsgəri qaytarmaq üçün məhbuslardan birini bizə vermələrini istəyirik. Bəs sabah bizim əsgərimiz sərhədi keçsə, əvəzində onlara kimi verəcəyik?” – Ermənistanın baş naziri vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Baş Prokurorluğu Laçın istiqamətində itkin düşən hərbçi Nəsimi Musayevin Ermənistan ərazisində aşkarlandığını və yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb.
Ermənistan İstintaq Komitəsi isə Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az