İslam müxtəlif müsəlman cəmiyyətlərində eyni formada təzahür etmir və bütün ölkələr üçün vahid sosial model yoxdur. Hər bir müsəlman ölkəsinin öz tarixi, dövlətçilik ənənəsi, hüquq sistemi və sosial quruluşu formalaşıb. Azərbaycan da İslam dünyasının bir hissəsi olmaqla yanaşı, dünyəvi dövlətçilik modelinə malikdir. Ölkədə dini-mənəvi dəyərlərlə müasir dövlətçilik prinsipləri bir arada mövcuddur. Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biri də müxtəlif dini və etnik icmaların birgə yaşadığı multikultural mühitdir. Bu baxımdan başqa ölkələrdə mövcud olan dini və ictimai modellərin Azərbaycana eyni formada tətbiqi mümkün deyil. Dünyəvi məktəb prinsipi də dini dözümsüzlük kimi qəbul edilməməlidir. Əksinə, məktəbdə yaradılan neytral mühit müxtəlif dini və dünyagörüşünə malik uşaqların bir-birinin hüquqlarına hörmət etməsinə şərait yaradır.
Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, bu gün dünyada 50-dən artıq müsəlman ölkəsi var:
“Lakin hər ölkənin özünəməxsus dəyərləri, mədəniyyəti, tarixi və ənənələri mövcuddur. Hər ölkənin özünə uyğun həyat və yaşam tərzi var və bu, müxtəlif dövlətlərdə fərqli formalarda özünü göstərir. Azərbaycanda isə bu məsələlər tamamilə fərqli şəkildə tənzimlənir. Bu gün ölkəmiz dünyada ən tolerant və multikultural ölkələrdən biridir. Vaxtilə burada fəaliyyət göstərən xarici ölkə səfirlərindən biri qeyd etmişdi ki, Azərbaycanın xaricə ixrac edə biləcəyi sərvətlərdən biri tolerantlıq və multikulturalizm ənənələridir”.
Ceyhun Məmmədov
Deputat qeyd edib ki, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar:
“Ölkəmizdə tolerantlıq və multikulturalizm ən yüksək səviyyədədir. Bu baxımdan Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinə, dəyərlərinə, onların tətbiqinə görə müsəlman dünyasında seçilir. Təbii ki, bu da xalqımızın tarixi uğuru və nailiyyətidir”.
Dinşünas Tural İrfan isə bildirib ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda ideoloji və iqtisadi boşluqlar yarandı:
“Bu vəziyyətdən istifadə edən müxtəlif xarici qüvvələr ölkədə dini və ideoloji təsirlərini yaymağa başladılar. Bu gün Azərbaycanda dövlətin din siyasəti, tolerantlığın və multikulturalizmin qorunması istiqamətində həyata keçirilən tədbirlər müsbətdir. Lakin din dövlətdən ayrı olduğu üçün bu sahədə məsuliyyət yalnız dövlətin üzərinə düşmür. Dini qurumlar və icmalar da Azərbaycanın dünyəvi dövlət quruluşuna, milli dəyərlərinə və tolerantlıq ənənələrinə uyğun dini mühitin formalaşmasına töhfə verməlidirlər. Azərbaycan digər müsəlman ölkələrinin dini modelini hazır şəkildə qəbul etməməli, öz tarixi və milli xüsusiyyətlərinə uyğun dini model formalaşdırmalıdır. Bu model məzhəbçilikdən uzaq, tolerant və multikultural dəyərlərə əsaslanmalıdır. Tarixi irsimizdən bəhrələnmək vacibdir”.
Tural İrfan
Dinşünas əlavə edib ki, bunun üçün xarici və radikal dini ideologiyaların təsir imkanlarının qarşısı alınmalıdır:
“Azərbaycanın dini modeli dövlətin dünyəvi quruluşuna, milli dəyərlərinə və multikultural ənənələrinə uyğun şəkildə formalaşmalıdır. Əsas məqsəd dinin sağlam, tolerant və mütərəqqi şəkildə təbliğ olunması, yad, radikal dini modellərin təsir imkanlarının məhdudlaşdırılmasıdır”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dörsi 2009-cu ilin əvvəlində verdiyi açıqlamalardan birində Azərbaycanın dünyaya təkcə neft, qaz və digər məhsulları deyil, tolerantlığı da ixrac etməli olduğunu bildirib.
Ləman İmran
Globalinfo.az