Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə daşınmaz əmlak bazarı indeksinə əsasən, hesabat ayında mənzil satışında qiymət artımı sürətlənib.
Palatadan Globalinfo.az-a verilən məlumata görə, yeni tikili mənzillərdə qiymətlər aylıq 2.8 faiz, köhnə tikililərdə isə 2.5 faiz yüksəlib.
Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində isə mülayim bərpa qeydə alınıb.
Yeni tikili mənzillərin satışında median qiymət sentyabrda 2 850 AZN/m², AQP indeksi 108 olub. Qiymət avqustla müqayisədə 2.8 faiz, 2025-ci ilin dekabrındakı baza göstəricisi ilə müqayisədə 8 faiz artıb.
Median mənzil sahəsi 95 m², median satış qiyməti 271 min AZN təşkil edib. Böyük müşahidə bazasına malik rayonlar arasında Sabunçu, Nərimanov və Nəsimi daha yüksək vahid qiymətlərlə seçilib. Abşeron, Sumqayıt və Qaradağda isə qiymətlər nisbətən aşağı səviyyədə qalıb.
Köhnə tikili mənzillərin satışında median qiymət 2 692.3 AZN/m², AQP indeksi 106.8 təşkil edib.
Aylıq artım 2.5 faiz, baza dövrü ilə müqayisədə artım 6.8 faiz olub. Model üzrə orta satış müddəti 21.1 gün, median satış müddəti 14.6 gün hesablanıb. Sentyabrda yeni yerləşdirilən elanların median qiymətinin təxminən 2 700 AZN/m² olması satıcı gözləntilərinin yüksək qaldığını göstərir.