meloni

Xəbər verdiyimiz kimi, İtaliyanın “Eni” şirkətindən sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti “Italiana Petroli” (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib.  İtaliyanın baş naziri Corcia Meloni iki ölkə arasında əməkdaşlığı gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

SOCAR-ın bu qərarı İtaliya iqtisadiyyatına nə qədər fayda verib?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, SOCAR-ın qərarının əsas məğzi İtaliyada yanacağın dövlət hesabına subsidiyalaşdırılması deyil:

“Məqsəd şirkətin öz pərakəndə satış şəbəkəsində benzin və dizel üçün maksimum satış qiyməti müəyyənləşdirməsidir. IP şəbəkəsi İtaliyanın “Eni” şirkətinin tətbiq etdiyi qiymət həddinə qoşulub. Limit benzində litr üçün 1,99 avro, dizeldə isə 2,19 avro təyin olunub. Bu qərarın İtaliya iqtisadiyyatına əsas faydası yanacağın bahalaşmasının istehlakçılara və biznesə ötürülməsini müəyyən qədər məhdudlaşdırmaqdır. Yanacaq qiyməti nəqliyyat, yükdaşıma, kənd təsərrüfatı və digər sahələrin xərclərinə birbaşa təsir etdiyi üçün onun bahalaşmasının qarşısının alınması inflyasiya təzyiqini müəyyən qədər zəiflədə bilər. Eyni zamanda, ailələrin avtomobil yanacağına çəkdiyi xərcin azalması onların digər məhsul və xidmətlərə ayırdığı vəsaiti artıracaq”.

Akif N%C9%99sirli 900x506 1

Akif Nəsirli

Ekspert bildirib ki, burada söhbət İtaliya iqtisadiyyatına milyardlarla avro birbaşa maliyyə yardımı göstərilməsindən getmir:

“SOCAR sadəcə öz şəbəkəsində qiymətin müəyyən həddən yuxarı qalxmamasına razılaşıb. Buna görə SOCAR-ın İtaliya iqtisadiyyatına konkret neçə milyon və ya milyard avro fayda verdiyini hazırda hesablamaq mümkünsüzdür. “Reuters” agentliyinin məlumatına əsasən, SOCAR-ın qiymət həddinin tətbiqinin ümumi İtaliya yanacaq qiymətlərinə təsiri hələ rəsmi statistikada əks olunmayıb. Üstəlik, “Eni”nin qiymət həddi tətbiqindən sonra İtaliyada orta yanacaq qiymətlərində ilkin azalma çox cüzi olub. Belə ki, sentyabrın 28-də benzinin orta özünəxidmət qiyməti əvvəlki günlə müqayisədə 2,159 avrodan 2,152 avroya, dizel isə 2,377 avrodan 2,369 avroya düşüb. Bu da göstərir ki, bir neçə iri şirkətin qiymət həddi tətbiq etməsi bütün bazarda qiymətlərin avtomatik və kəskin ucuzlaşması demək deyil”.

İqtisadçı qeyd edib ki, SOCAR üçün isə qərarın iqtisadi tərəfi ilə yanaşı, bu bazarda böyük yanacaq operatoru kimi mövqeyini və Azərbaycan-İtaliya enerji əməkdaşlığını nümayiş etdirmək əhəmiyyətlidir:

“Meloninin Əliyevə və Rövşən Nəcəfə təşəkkürü də məhz bu qərarın İtaliya ailələrinin yanacaq xərclərinin məhdudlaşdırılmasına dəstək kimi qiymətləndirilməsi ilə bağlıdır. Yəni qərarın əsas məqsədi İtaliya iqtisadiyyatına pul köçürmək yox, qlobal enerji və təchizat problemləri fonunda yanacağın pərakəndə qiymətinin müəyyən həddən yuxarı qalxmasının qarşısını almaqdır. Onun real iqtisadi effektini qiymətləndirmək üçün isə qiymət həddinin nə qədər müddət qüvvədə qalacağı və IP şəbəkəsində orta satış qiymətlərini nə qədər aşağı salacağına baxmaq lazımdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: