orduu

“Azərbaycanın 2020-ci il sentyabrın 27-də genişmiqyaslı hərbi əməliyyatlara başlamasını şərtləndirən əsas amillərdən biri münaqişənin təxminən üç onillik ərzində siyasi-diplomatik vasitələrlə həll edilməməsi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalması idi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr işğalçı qüvvələrin ərazilərimizdən çıxarılması məsələsini gündəmə gətirsə də, uzun illər siyasi həll əldə olunmadı:

“2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər və sentyabrda cəbhə xəttində gərginliyin artması vəziyyəti daha da kəskinləşdirdi. Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 27-də mövqelərin və yaşayış məntəqələrinin atəşə tutulmasından sonra Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatına başladı”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsinin nəticəsi regiondakı hərbi-siyasi reallığı əsaslı şəkildə dəyişdirib:

“Ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına, Şuşa şəhərinə və çoxsaylı digər yaşayış məntəqələrinə nəzarəti bərpa etdi. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Bu proses ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olmaqla yanaşı, uzun illər nəticəsiz qalan status-kvonu aradan qaldırıb. Eyni zamanda, müharibədən sonrakı mərhələdə əsas məsələ hərbi nəticələrin davamlı sülhə, sərhədlərin müəyyənləşdirilməsinə və regional kommunikasiyaların açılmasına çevrilməsi olub. Azərbaycanın tam suverenliyinin bütün ərazisində bərpası isə 2023-cü ilin sentyabr hadisələrindən sonra başa çatıb”.

Ləman İmran
Globalinfo.az

Paylaş: