Cəlilabadda özünü yandıran qazinin ailəsinin müraciəti YAYILDI

 

44 günlük vətən müharibəsi iştirakçısı Əliyev Elnur Eynulla oğlunun 9 iyul 2024-cü il tarixdə Cəlilabad şəhəri ərazisində özünün yandırmaqla intihara cəhd etməsi səbəbləri məlum olub.

Globalinfo.az -a daxil olan məlumata görə, keçmiş döyüşçü Elnur Əliyevin özünü yandırması ailə münaqişəsi nəticəsində baş verib.

Elnurun ailəsi övladlarının başına gələnlərlə bağlı Cəlilabad rayon icra hakimiyyətinə məktub ünvanlayıblar. Məktubda Elnur Əliyevin anası Zülfiyyə Əliyeva vətəndaşlara yanlış informasiya ötürüldüyünü bildirib:

“Mən döyüşçü Elnur Əliyevin anası olaraq bəyan edirəm ki, övladım rayon məşğulluq xidmətinin yaxınlığında üzərinə benzin tökərək intihara cəhd edib. Bu hadisədən bəzi yaramaz şəxslər öz məqsədləri üçün istifadə edərək vətəndaşlara yanlış informasiya verirlər. Əvvəla, bildirirəm ki, oğlumun müharibədən sonra psixoloji problemləri yaranıb. O, hər il Psixiatriya Xəstəxanasında müalicə alır. Axırıncı dəfə isə iyun ayının sonlarında həmin xəstəxanadan müalicədən qayıdıb”.

Zülfiyyə Əliyevanın sözlərinə görə, oğlumun problemi ailəsi ilə bağlıdır:

“Həyat yoldaşım Eynulla Əliyev 8 iyun 2023-cü il tarixdə Masallı rayon sakini Şiriyeva Səbinə Nəcəfəli qızını oğlumuz Elnur Əliyevlə evləndirmək məqsədilə evimizə gətirdi. Lakin sonradan Səbinənin anası yaşadığımız ünvana gələrək münasibətlərin pozulduğuna qızını evlərinə aparıb və oğlumu məhkəməyə verib. Maddi zərərə görə 1000 manat, mənəvi zərər vurduğuna görə 10.000 manat alınıb onlara verilməsi barədə iddia qaldırıb. Məsələ ilə bağlı 7 iyul 2024-cü il tarixində məhkəmədə hazırlıq iclası keçirildi. 20 avqust 2024-cü il tarixində isə məhkəmə iclası baxışı keçirilməlidir. Məndə olan məlumata görə, bəzi öyrədilmiş şəxslər oğlumu inandırıblar ki, sən zorlamaya görə həbs olunacaqsan və sənin yeganə çıxış yolun intihar etməkdir. Oğlum da onlara inanaraq bu yolu seçib. Çox təəssüf ki, baş verən hadisədən bəzi şəxslər dövlətə və Cəlilabad Rayon İcra Hakimiyyətinə qarşı istifadə etməyə çalışırlar. Hesab edirəm ki, oğlumu qızışdıran və bu məqsəddən istifadə edənlər eyni qrupa aiddirlər və hadisə qabaqcadan planlaşdırılıb”.

Zülfiyyə Əliyeva deyib ki, Elnur psixi-əsəb pozğunluğundan əziyyət çəkir, mütəmadi olaraq 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır:

“Bizim ailənin dövlətdən və icra hakimiyyətindən heç bir narazılığı yoxdur. Dəfələrlə icra hakimiyyəti tərəfindən ailəmizə lazımi köməkliklər olunub. Müxtəlif vaxtlarda Elnura rayon icra hakimiyyəti tərəfindən maddi yardım edilib. Oğlumun bu faciəsindən istifadə edənlərə qəti etirazımı bildirirəm və şiddətlə qınayıram. Hüquq-mühafizə orqanlarından bu işin təşkilatçılarının tapılıb sərt şəkildə cəzalandırılmasını tələb edirəm. Oğlumun inşallah, tezliklə sağlamlığına qovuşub, ailəmizə qayıdacağına çox inanıram”.

Zaira Akifqızı
Globalinfo.az