“AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızının bu ilin yayında Nyu-Yorkda 7,5 milyon dollara daşınmaz əmlak aldığı barədə daha əvvəl yazmışdım. Kiçik araşdırma göstərir ki, Əsgərovun qızları Londonda da hazırkı bazar dəyəri milyonlarla funtla ölçülən daha iki lüks mənzilə sahibdirlər”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli yazıb.
O qeyd edib ki, Cahangir Əsgərovun AZAL-a rəhbərlik etdiyi dövrdə Londonun nüfuzlu “Hyde Park Gate” ünvanında yerləşən “Broadwalk House” yaşayış binasında iki mənzil üzrə əməliyyat qeydə alınıb:
“23 saylı mənzil 2009-cu ildə 1,8 milyon funta, 24 saylı mənzil isə 2013-cü ildə 900 min funta satılıb. “Broadwalk House Residents Limited”-in Companies House sənədlərində Məlahət Əsgərova 2010-cu ildən, Cəmilə Əsgərova isə 2013-cü ildən etibarən səhmdarlar arasında görünür.
Bu iki mənzilin həmin dövrdəki ümumi alış qiyməti 2,7 milyon funt təşkil edir ki, bu da bugünkü məzənnə ilə təxminən 3,61 milyon dollar və ya 6,15 milyon manat deməkdir. “Broadwalk House”-da son illərdə qeydə alınan satış və elan qiymətləri nəzərə alınarsa, bu əmlakların hazırkı ümumi bazar dəyəri təxminən 6–10 milyon funt aralığında ola bilər.
“Broadwalk House” sakinlər adından binanın idarə edilməsində iştirak edən “Broadwalk House Residents Limited” adlı şirkət vasitəsilə idarə olunur. “Companies House” sənədlərində Əsgərovun qızlarının bu şirkətdə hərəsinin bir mülkiyyətə bərabər səhmə sahib olduğu görünür. Konkret mənzillərin hüquqi mülkiyyətçisini qəti şəkildə təsdiqləyən əsas sənəd Böyük Britaniyanın “HM Land Registry reyestrindəki title register”-dir.
Maraqlıdır ki, “Broadwalk House” daha əvvəl başqa yüksək profilli şəxslərlə bağlı araşdırmalarda da gündəmə gəlib. Livan Mərkəzi Bankının keçmiş rəhbəri Riad Salameh və ailə üzvlərinin Londondakı əmlakları beynəlxalq araşdırmaların predmeti olub.
Sonrakı illərdə Salameh və onun maliyyə əlaqələri ilə bağlı Livan və bir sıra Avropa ölkələrində korrupsiya və çirkli pulların yuyulması üzrə istintaqlar aparılıb, bəzi əmlak və bank aktivləri üzrə həbs tədbirləri tətbiq edilib”.
Əliyar Xəlil
Globalinfo.az

