Sosial şəbəkələrin uşaqlar və yeniyetmələr arasında geniş yayılması onların təhlükəsizliyi və internetdən istifadəsinə nəzarətlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla bağlı Milli Məclisdə qəbul edilən qanun layihəsinə əsasən, 16 yaşadək şəxslərin sosial şəbəkələrdə hesab açmasına icazə verilməyəcək. 16-18 yaş arası şəxslər isə yalnız valideynlərinin razılığı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçə biləcəklər. Eyni zamanda, valideynlər bilməlidirlər ki, övladlarının mobil telefonlarına nəzarət edə və onların internet fəaliyyətini izləyə bilərlər.
Valideynlər övladlarının mobil telefonlarına və sosial şəbəkə fəaliyyətinə nəzarəti necə həyata keçirə bilərlər? Bu prosesin konkret proseduru necədir?
Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, mobil telefonlarda valideyn nəzarəti adlanan funksiya var:
“O, uşağın telefondan və internetdən istifadəsini izləməyə, müəyyən məhdudiyyətlər tətbiq etməyə imkan verir. Valideyn bunun vasitəsilə uşağın hansı tətbiqlərdən istifadə etdiyini, ekranda nə qədər vaxt keçirdiyini görə, yaşa uyğun olmayan məzmunu məhdudlaşdıra və bəzi tətbiqlərin istifadəsini bloklaya bilər. Bu imkanlar həm Android, həm də iPhone cihazlarında mövcuddur. Android telefonlarda əsasən Google Family Link, iPhone-larda isə Screen Time (Ekran vaxtı) funksiyasından istifadə olunur”.
Eşqin Nuruşov
Ekspert bildirib ki, aktivləşdirmə zamanı adətən valideyn və uşağın hesabları əlaqələndirilir:
“Nəticədə valideyn öz cihazından müəyyən parametrləri idarə edə bilir. Burada vacib məqam odur ki, valideyn nəzarəti uşağın telefonundakı bütün məlumatları gizli şəkildə oxumaq demək deyil. Hansı məlumatların görünməsi, hansı məhdudiyyətlərin tətbiq edilməsi istifadə olunan sistem və tətbiqin imkanlarından asılıdır. Ən doğru yanaşma isə bu nəzarəti uşağın təhlükəsizliyini təmin etmək məqsədilə, onunla açıq şəkildə danışaraq həyata keçirməkdir”.
Ləman İmran
Globalinfo.az