Neftin qiymətinin 100 dolları keçməsi enerji bazarında Yaxın Şərqdəki gərginliyin artıq ciddi iqtisadi nəticələr yaratdığını göstərir. “Brent” markalı neftin 101 dollar ətrafına yüksəlməsi fonunda “Financial Times”ın qiymətin 200 dollara çata biləcəyi ilə bağlı ssenarini gündəmə gətirməsi bazardakı təchizat risklərinin miqyasını göstərir. Lakin 200 dollar hələlik əsas ssenari deyil, daha çox geosiyasi böhranın kəskinləşməsi halında mümkün olan ekstremal variantdır.
Bu qiymətə gedən əsas yol Hörmüz boğazında daşımaların uzun müddət ciddi şəkildə məhdudlaşmasıdır. Dünya neft ticarətinin mühüm hissəsinin bu marşrutdan keçməsi səbəbindən burada yaranacaq uzunmüddətli problem bazarda böyük təklif çatışmazlığı yarada bilər. Bununla yanaşı, Yaxın Şərqdə hasilat və neft infrastrukturu ilə bağlı risklərin artması qiymətlərə əlavə təzyiq göstərəcək. Belə vəziyyətdə qiymətin əvvəlcə 120-150 dollar diapazonuna yüksəlməsi, böhranın daha da dərinləşməsi halında isə 200 dollara yaxınlaşması mümkündür.
Ancaq 200 dollarlıq neft qiyməti dünya iqtisadiyyatı üçün son dərəcə ağır nəticələr yaradacaq. Yanacağın, daşınmanın və istehsal xərclərinin bahalaşması inflyasiyanı sürətləndirəcək, istehlak və investisiyalar zəifləyəcək, nəticədə qlobal iqtisadi artım ciddi zərbə alacaq. Eyni zamanda yüksək qiymətlər alternativ enerji mənbələrinə keçidi sürətləndirəcək və digər neft istehsalçılarının hasilatı artırmasına stimul yaradacaq.
Bu səbəbdən 200 dollar uzun müddət davam edən sabit qiymət olmaqdan daha çox, qlobal enerji böhranının göstəricisi kimi ortaya çıxa bilər. Belə bir qiymət neft ixrac edən ölkələr üçün ilk baxışda böyük gəlir vəd etsə də, qlobal tələbin zəifləməsi və iqtisadi aktivliyin azalması nəticəsində uzunmüddətli dividendlər gətirməyəcək. Əksinə, həm istehsalçı, həm istehlakçı ölkələr üçün ciddi iqtisadi risklər yaradacaq.
Ona görə hazırkı şəraitdə 200 dolları tamamilə istisna etmək olmaz, lakin bunu qaçılmaz nəticə kimi qiymətləndirmək də doğru deyil. Əsas məsələ Yaxın Şərqdəki qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyidir. Münaqişənin genişlənməsi və xüsusilə Hörmüz boğazında uzunmüddətli məhdudiyyətlərin yaranması neft bazarında 200 dollarlıq ssenarini real təhlükəyə çevirə bilər.
Akif Nəsirli