9412175a c395 5c5f b804 cd056b04fb53

“Yəməndə baş verənlər Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilinə (Yanbu limanı) neft ixracını təmin etmək məqsədinə xidmət edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Rövşənoğlu deyib.

Politoloq bildirib ki, Yəməndəki husi hökuməti İsrail və müttəfiqlərinə yük aparan gəmiləri artıq iki ildən çoxdur vurur:

“2025-ci ilin martında ABŞ husiləri sahildən uzaqlaşdırmaq üçün bir neçə həftə havadan bombalama həyata keçirsə də, məqsədinə nail olmadı.

Bu il 25-26 iyul tarixlərində baş verən eskalasiyadan sonra husilər və İran elan etdi ki, artıq Bab əl-Məndəb boğazı da ABŞ və müttəfiqləri üçün bağlanacaq.

Qırmızı dənizdə gəmi hərəkətini açmaq üçün əvvəlcə husiləri uzaqlaşdırmaq lazımdır. Bunun üçün yeganə yol isə quru əməliyyatıdır. Çünki havadan ABŞ, İsrail, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) qüvvələri heç nə edə bilmədi. Əslində, 2015-2022-ci illərdə Səudiyyə Ərəbistanı 10 ölkədən ibarət koalisiya ilə Yəməndə husi iqtidarını devirməyə çalışmış, amma buna nail ola bilməmişdi.

İndi isə situasiya daha dramatikdir, çünki Səudiyyə Ərəbistanı Fars körfəzindən (Hörmüz) neft ixrac edə bilmədiyi üçün Qırmızı dəniz vasitəsilə ixrac həyata keçirir. Hətta bir ara dedilər ki, əsas yük Qırmızı dənizə yönələcək. Amma bunun üçün husi təhlükəsi aradan qaldırılmalı idi.

Hərbi əməliyyatlara artıq bir neçə aydır hazırlıq görülürdü, “Məkkə sazişi” də bir mənada buna xidmət edəcəkdi.

Lakin indiki məqamda Türkiyə və Pakistan kimi dövlətlər İsraillə ABŞ-a müharibə elan edən Yəmənə (husilərə) qarşı hərbi əməliyyatlara qoşularsa, bu, ciddi qınağa səbəb ola bilər. Ona görə də, belə bir ehtimal aşağıdır, ən azı aşkar şəkildə edilməsi zəif görünür.

kenan rovsenoglu 0
Kənan Rövşənoğlu

Politoloq qeyd edib ki, husilərin neft terminallarını vurması narahatlığı daha da artırır, buna görə də artıq qınaq bəyanatları və xəbərdarlıq edilib:

“Qərb və ərəb mediası husiləri marginal, üsyançı qrup kimi təqdim etməyə çalışır. Halbuki, husi “Ənsarullah” hökuməti rəsmi olaraq 12 ildir Yəmənin əsas ərazilərinə nəzarət edən mərkəzi hökumətdir, əksər tayfa və siyasi təşkilatlar onunla koalisiya qurub.

Yəni Yəməndə bir tərəfdə husi hökuməti, digər tərəfdə isə mühacir Yəmən hökuməti və onun sponsoru Səudiyyə Ərəbistanı dayanır.

Əlbəttə, husi hökumətini İran aşkar şəkildə, Rusiya və Çin isə üstüörtülü şəkildə dəstəkləyir. Yeri gəlmişkən, ötən il aprel ayında Almaniya hərbi təyyarəsi vurulduqdan sonra rəsmi Berlin Çin səfirinə nota verdi. Çünki hesab olunurdu ki, Qırmızı dənizdə hərəkət edən hərbi obyektlərin koordinatlarını husi qüvvələrinə Çin verir.

Yəni orda qarşıdurma ayağında şəpit, əlində “Kalaşnikov” olan husi üsyançıları ilə ərəb qüvvələri arasında deyil, daha qlobal miqyasda və amansız müharibə gedir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: