Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib. Ölkə başçısının imzaladığı sərəncama əsasən, o, Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub.
Əziz Səncər kimdir və hansı meyarlara görə təltif edildi?
Globalinfo.az-a danışan Nobel Mükafatı laureatlarının tədqiqatçısı, fəlsəfə doktoru Etibar Əliyev deyib ki, Əziz Səncərin təltif edilməsi Türk dünyasına verilən böyük töhfədir:
“İlham Əliyev Nobel mükafatı laureatı Əziz Səncəri qəbul edərkən, alim Vətən müharibəsindəki Qələbə münasibətilə Prezidenti təbrik edib və bu qələbənin bütün türk dünyasında qürur hissi yaratdığını deyib. Ölkə başçısı Əziz Səncəri türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirib, onun Azərbaycana səfərə gəlməsindən məmnunluğunu bildirib və xalqımızın ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət bəslədiyini xüsusi olaraq vurğulayıb. Bu böyük şəxsiyyətlə əyani tanışlıq və ünsiyyət qura bildiyimə görə çox şanslıyam”.
E.Əliyev bildirib ki, UNEC-in çap etdiyi “Aziz Sancarın Nobel bioqrafiyası” kitabı çox dəyərlidir:
“Bu kitabdan böyük alimin bir möhtəşəm fikri var: “Tədqiqatlarımla maraqlanan türk həmkarlarıma deyirəm ki, bu mənim Yunus Emre dastanımdır. Çünki Yunus Emre XIV əsrdə yaşamış ingilislər üçün Chaucer nədirsə, türklər üçün də o olan mistik şairdir və Yunus Emrenin öz sahəsində əldə etdiyi müəkəmməliyə çatmaq hər bir türkün arzusudur”. Əziz Səncər həm də Vətən müharibəsi dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa yardım edib, bu, böyük insanpərvərlik nümunəsidir”.
Qeyd edək ki, Əziz Səncər 8 sentyabr 1946-cı ildə Türkiyənin Mardin vilayətinin Savur şəhərində anadan olub. O, əvvəlcə İstanbul Universitetində tibb təhsili alıb. Daha sonra ABŞ-da Texas Universitetində biologiya üzrə doktorantura təhsili keçib və 1977-ci ildə doktorluq dərəcəsi alıb. Onun elmi fəaliyyəti əsasən DNT təmiri, genetik materialın zədələnməsi və hüceyrənin bu zədələri aradan qaldırması mexanizmlərinə yönəlib.
Əziz Səncəri dünyada ən məşhur edən əsas nailiyyəti DNT-nin zədələnmiş hissələrinin necə bərpa olunduğunu molekulyar səviyyədə araşdırmasıdır. O, xüsusilə ultrabənövşəyi şüaların DNT-yə vurduğu zərərin hüceyrə tərəfindən necə təmir edildiyini öyrənib.
Alim həm də 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Mükafat ona Tomas Lindahl və Paul Modriçlə birlikdə, “DNT təmirinin mexanizmlərinin tədqiqinə görə” verilib. Üç alim mükafatı bərabər şəkildə bölüşüb və Səncərin payı 1/3 olub.
Ə.Səncər Nobel mükafatını İsveç kralı XVI Karl Qustavın təqdim etdiyi 10 dekabr 2015-ci il mərasimində qəbul edib.
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində 3 yaşlı Xədicə Şahnəzərova hər iki valideynini və 1,5 yaşlı bacısını itirib. Dağıntılar altından sağ çıxarılan Xədicənin təhsilinə 2015-ci ilin Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər dəstək göstərib. O, uşağın gələcək təhsil xərclərinin qarşılanması üçün yaradılan hesaba ianə edib.
Ləman İmran
Globalinfo.az