Elcin Hemidov Serhat Kilic

Türkiyəli aktyor Serhat Kılıç evində ölü tapılıb. Hadisənin ən ağrılı tərəflərindən biri isə aktyorun ölümündən iki gün ərzində heç kimin xəbər tutmamasıdır.

Dünyada hər gün yüzlərlə, bəlkə də minlərlə insan evində təkbaşına ölür və qonşuları, qohum-əqrəbaları bundan günlər sonra xəbər tutur.

Məncə, bu silsilə ölümlərin bir səbəbkarı – qatili var: Tənhalıq!

Yaponların buna “kodokuşi” deyirlər. Yəni “tənha ölüm”.

Yaponiya təkcə texnoloji inkişafda deyil, intihar və tənha ölümlər üzrə statistikada da ilk sıralardadır.

Görünür, bu dəhşətli vəziyyət artıq bizim qapımıza da gəlib çatıb. “Qapımız” dedim, çünki TürkiyəAzərbaycan bu məsələdə də “bir millət, iki dövlət”dir. Qeyd edim ki, Xalq artisti Zərnigar Ağakişiyeva, Əməkdar artist Elçin Həmidov, aktyor Qorxmaz Atakişiyev də evində tənha ölüb, nəşi günlər sonra tapılan azərbaycanlı məşhurlardır.

Bu səssiz gedişlər bəlkə də artıq oturub düşünməyimizin vaxtının çatdığını göstərir. Hərdən mənə elə gəlir ki, bu fəlakəti addım-addım öz əllərimizlə özümüz inşa etdik.

Məsələn, sosial şəbəkələrin hər vəchlə bizə satdığı “sən hər şeyin ən yaxşısına layiqsən”, “heç kim səndən daha dəyərli deyil” kimi cəfəngiyyatlara gözüyumulu inanırıq. Özümüzü kainatın mərkəzinə qoyub ətrafımızdakı hər kəsi dəyərsiz və asanlıqla əvəz edilə bilən hesab edirik. Əzbərlədiyimiz bir neçə şəxsi inkişaf şüarını həyat fəlsəfəsinə çevirib, eqoizmi “özünə dəyər vermək” adı ilə qəbul edirik.

Əldə etdiyimiz, ya da hazırda bizim olanla kifayətlənmək yerinə, bir klik uzaqda həmişə “daha yaxşısının” olduğuna inanırıq. Hətta bu yolda həqiqi sevgini, eşqi, sədaqəti dəyərsizləşdirib, evlililiyi uşaq oyununa çeviririk. Ən xırda anlaşılmazlıqda belə zərrə qədər səbir göstərmədən, heç bir səy göstərmədən qapını çırpıb gedirik.

Səhv başa düşdüyümüz bəzi “öyüd-nəsihətlər” və nəhəng eqolarımız ucbatından ömrümüz boyu yanımızda dağ kimi dayanacaq insanları bir heç uğrunda itiririk.

Paylaşmağı, fədakarlığı, başqasının yükünə çiyin verməyi “zəiflik” hesab edirik. Beləcə ildən-ilə özünüzü inkişaf etdirdiyinizi düşünüb əslində sadəcə emosional baxımdan duyğusuzlaşırıq. Özümüz özümüzü küncə sıxışdırır, bəzən isə başqalarının küncə sıxışdırmasına şərait yaradırıq.

Diqqət edirsinizsə, artıq bayramlar, özəl günlər əvvəlki kimi qonaqlı-qaralı olmur. Telefonumuzda yüzlərlə “dostumuz”, qohum-əqrəbamız, tanışımız var, amma qapınızı döyəcək 5-6 nəfər belə yoxdur.

Ümumiyyətlə, özümüzə sual verək: bir neçə gün işə gəlməsək, sosial şəbəkələrə girməsək, status paylaşmasaq, bir sözlə, yox olsaq, bunu hiss edəcək həqiqi neçə nəfər var ətrafımızda?

Bəlkə də manşetlərdə oxuduğunuz hər bir xəbər əslində öz gələcəyimizin elanıdır.

Bədbin olmaq istəmirəm, amma gördüyüm vəziyyət budur. Ona görə də “evində ölü tapıldı” başlıqlı xəbərləri hələ çox görəcəyik.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az

Paylaş: