Baki nizami kecesi tarqovi 1

Dövlət qurumlarının qaynar xətlərinə mobil telefonla zəng edən vətəndaşlar müəyyən problemlə üzləşirlər. Belə ki, mobil operatorların təqdim etdiyi paketlərə daxil olan pulsuz dəqiqələrdən qaynar xətlərə zəng zamanı istifadə etmək mümkün deyil və danışıq üçün ödəniş birbaşa balansdan tutulur.

Qaynar xətlərdə gözləmə müddətində mahnı səslənir və bəzən bu, 3-4 dəqiqədən çox çəkir. Nəticədə isə vətəndaşın balansından əlavə vəsait çıxılır. Balansda kifayət qədər vəsait olmadıqda isə paketdə istifadə edilməmiş pulsuz dəqiqələr olsa belə, zəng etmək mümkün olmur.

Bəs bunun səbəbi nədir? Mobil operatorların təqdim etdiyi danışıq paketlərindən dövlət qurumlarının qaynar xətlərinə zəng zamanı niyə istifadə etmək mümkün deyil?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, burada məsələ internet paketinin olub-olmaması ilə bağlı deyil:

“Mobil operatorlarda paket daxili dəqiqə anlayışı adətən adi mobil və şəhər nömrələrinə edilən zənglərə şamil olunur. Dövlət qurumlarının qaynar xətləri isə çox vaxt xüsusi xidmət nömrəsi kimi tarifləndirilir. Yəni sistem həmin zəngi adi mobil zəng kimi yox, ayrıca xidmət kateqoriyası kimi tanıyır və buna görə də paketdəki pulsuz dəqiqələrdən istifadə etmir. Sadə dildə desək vətəndaşın ekranda adi telefon nömrəsi kimi gördüyü nömrənin arxasında çox vaxt SIP telefoniya, çağrı mərkəzi və ya xüsusi yönləndirmə infrastrukturu dayanır. Zəng daxil olduqdan sonra o, birbaşa konkret masa telefonuna yox, çağrı mərkəzi sisteminə, növbəyə, IVR menyusuna və ya müxtəlif operatorlara yönləndirilə bilər. Mobil operator isə belə nömrəni texniki və tarif baxımından ayrıca xidmət kimi tanıya bilər”.

elvin hesenov 1

Elvin Həsənov

E.Həsənov qeyd edib ki, SIP texnologiyasında “gələn zəngin mütləq ödənişli olmalıdır” deyə bir şey yoxdur:

“Əsas məsələ həmin nömrənin operator sistemində hansı tarif kateqoriyasına aid edilməsidir. Eyni SIP və ya çağrı mərkəzi infrastrukturu üzərində işləyən nömrə istəsələr pulsuz da, paket dəqiqələrinə daxil olan nömrə kimi də təşkil oluna bilər. Vətəndaş üçün isə problem ondadır ki, o telefonunda yüzlərlə pulsuz dəqiqə görür və təbii olaraq düşünür ki, istənilən yerli nömrəyə zəng edə bilər. Amma tarif planlarının şərtlərində adətən xüsusi nömrələr, qısa nömrələr, xidmət xətləri və bəzi qaynar xətlər paketdən kənar saxlanılır. Bu səbəbdən balansda pul yoxdursa, paketdə dəqiqə olsa belə zəng baş tutmaya bilər”.

Elvin Həsənov deyib ki, texniki baxımdan internet paketinin də burada birbaşa rolu yoxdur:

“Adi telefon zəngi mobil şəbəkədə səs xidməti kimi hesablanır. Hətta VoLTE istifadə olunsa belə istifadəçinin mobil internet paketindən çıxılan “Whatsapp” və ya “Telegram” zəngi kimi işləmir. Operator sistemində həmin zəng yenə səs xidməti kimi tarifləndirilir. Mən deyərdim ki, əsas narahatlıq qaynar xətlərdə gözləmə müddətidir. Vətəndaş xidmət almaq üçün zəng edir, amma 2-3 dəqiqə və ya daha çox növbədə gözləyirsə, həmin müddətin də ödənişli olması haqlı olaraq narazılıq yaradır. Xüsusilə dövlət xidmətlərindən söhbət gedirsə, burada vətəndaşın əlavə xərcə düşməməsi üçün daha uyğun tarif modeli qurmaq olar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: