serencam 1

İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi qaydası dəyişib.

Globalinfo.az xəbər verir ki, Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Məcəlləyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.

    Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir.

    X X X

    Prezident İlham ƏliyevAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

    Globalinfo.az xəbər verir ki, Fərmana əsasən 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

      Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.

      X X X

      Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq.

      Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

        Məcəlləyə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.

        Məcəlləyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

        X X X

        Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq.

        Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

          Dəyişikliyə əsasən, dispozisiyadan “az miqdarda” sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azat etmə halı müəyyənləşir. Başqa sözlə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək.

          İndiyə qədər xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilirdi. “Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülürdü.

          X X X

          Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib.

          Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni – 371-2 maddədə əksini tapıb.

            Məcəlləyə əsasən, kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:

            – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;

            – informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;

            – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;

            – kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;

            – ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;

            – rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə –

            vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediəcək.

            “Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestri”nə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnəcək.

            Bunlar kritik informasiya infrastrukturuna, dövlət orqanlarına (qurumlarına), o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrarsığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və təhlükəsizlik əməliyyatları mərkəzlərinə şamil edilməyəcək.

            X X X

            Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları”nı təsdiqləyib.

            Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

            Fərmana əsasən, Qaydalar “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunun 5.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və daşınmaz əmlakın dövlət kadastrı sahəsində yaranan münasibətləri tənzimləyir.

            Daşınmaz əmlakın kadastr uçotuna alınması daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir.

            Dövlət kadastrı Azərbaycan Respublikasının mülkiyyətidir. Onu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi vasitəsilə aparır.

            Daşınmaz əmlaka dair sahəvi kadastrlarda saxlanılan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət kadastrına inteqrasiya edilir.

            Dövlət kadastrı Qanunun 4-cü maddəsində təsbit edilmiş prinsiplər əsasında tərtib edilir və aparılır.

            Qaydalarda istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

            Paylaş: