Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti başlayır.
Sentyabrın 1-dək davam edəcək…
Sehrli, ümidli və zaman-zaman ağrılı 1 Sentyabr…
90-ların uşaqları üçün 1 sentyabr sıradan tarix deyil – məktəbin başladığı gündür.
90-ların uşaqları üçün məktəb təkcə təhsil ocağı deyil, həm də ağrılı xatirələrdir.
90-ların şagirdlərindən müəllimlər əvvəlcə adını, sonra atasını soruşurdular.
Əsasən “şəhid olub” cavabı gəlirdi…
90-larda məktəbdə işğal tarixi ilə bağlı lövhələr, divarlarda şagirdlərin soyqırım, qətliamların əks olunduğu rəsmləri…
Dərsliklərdə tank şəkilləri, körpə uşağı tonqala atan erməni təsvirləri, boş qalmış qara parta…
Onda sentyabrın 1-i şagirdlər üçün bir az da İşğalı Xatırlamaq Günü idi.
O işğal ki, 1994-cü ildə “rəsmiləşdirmək” məcburiyyətində qalmışdıq.
Özü də bizə qardaş bir ölkənin – Qırğızıstanın paytaxtı Bişkekdə.
Ona görə də bu şəhərin adı gələndə içimizdən fevral sızıltısı keçirdi.
26 il davam edən fevral sızıltısı…
Artıq hər şey dəyişib…
Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək, 1994-cü ildə imzalanmış Bişkek protokolunu tarixin ən dərin zibilliyinə göndərib.
Azərbaycan nümayəndə heyəti yenə də Bişkekə gedir – amma bu dəfə başqa statusda.
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Sammitdə 17 dövlətin liderinin iştirak edəcəyi gözlənilir. Çin, Türkiyə, Rusiya, İran prezidentləri, BMT, MDB rəsmiləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev sammitə qatılacaq.
Şübhəsiz, Azərbaycan Prezidentinin Bişkekə yanaşması digər liderlərdən fərqli olacaq.
Çünki məhz o, bu şəhərin azərbaycanlıların şüurundakı mahiyyətini dəyişib – öz Ordusu, öz Xalqı ilə.
Bir vaxtlar bu şəhərin şüuraltımızdakı adı “işğal” idi.
Artıq bu ad dəyişib.
Azərbaycanlılar daha Bişkekə “işğal” sözü ilə müraciət etmirlər.
Bu gün Azərbaycan bayrağı Bişkekdə dünyanın supergüclərinin bayrağı ilə yanaşı dalğalanır.
Bu gün Azərbaycan o şəhərə öz ərazi bütövlüyünü tam təmin etmiş qalib dövlət kimi gedir.
Bir vaxtlar Bişkek bizim üçün məğlubiyyətin, məcburiyyətin və yarımçıq qalmış bir savaşın adı idi.
İndi isə həmin şəhər başqa bir həqiqəti xatırladır: tarix dəyişə bilər. Həm də təkcə kitabların səhifələrində deyil, dövlətlərin siyasi iradəsi, orduların gücü və xalqların əzmi ilə…
Bişkek protokolunun imzalandığı gün Azərbaycan torpaqlarının böyük hissəsi işğal altında idi.
Bu gün isə Azərbaycan Prezidenti həmin şəhərə işğaldan azad edilmiş ərazilərin, bərpa olunan Qarabağın və Zəngəzurun yaratdığı yeni reallıqla gedir.
Bu, sadəcə coğrafi məsafə deyil.
Bu, 32 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycan arasındakı məsafədir.
Tarixdə elə şəhərlər var ki, onların adı bir xalqın yaddaşında illərlə ağrı kimi yaşayır.
Bişkek də bizim üçün belə adlardan idi, artıq deyil…
Və indi Bişkekin “adı” başqa cür yazılır.
Şəhidlərimizə əbədi hörmət və minnətdarlıqla…
Aqşin Evrən
Globalinfo.az