irevan baki ankara scaled 1 900x538 1

Globalinfo.az Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesi mövzusunda Türkiyənin Diplomatiya Vəqfinin direktoru Oğuzhan Bilginlə müsahibəni təqdim edir:

– Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib: “Ermənistan hazırda iqtisadi baxımdan çətin vəziyyətdədir, lakin şükür Allaha ki, Azərbaycanla ticarət münasibətlərinin inkişafında artıq müəyyən irəliləyişlər əldə olunur”. Oğuzhan bəy, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq səyləri yetərlidirmi və daha hansı addımlar atıla bilər?

– Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın bu açıqlamaları əhəmiyyətlidir. Çünki bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səmimi səylərini göstərir. Həmçinin, sözügedən açıqlama müharibədə uduzan tərəf kimi Ermənistanın keçmiş itkilərindən dərs çıxardığını və baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi administrasiyanın əvvəlki aqressiv və maksimalist siyasətindən əl çəkdiyini, rasional olmaq istədiyini nümayiş etdirir. Bu münasibət, əslində, hazırda iqtisadi çətinliklər və siyasi təzyiqlərlə üzləşən Ermənistan və onun xalqının maraqlarının Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan keçdiyini göstərir.

– Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işi açılıb. Köçəryan və Serj Sarkisyan barəsində Azərbaycanda çox ciddi ittihamlar var. Bu cinayətlərdən biri 34-cü ildönümünü qeyd etdiyimiz Ballıqaya qətliamıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ballıqaya qətliamı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri (soyqırımı, deportasiya, hərbi cinayətlər) ilə cinayət işi açılıb. Ermənistanın o dövrkü hərbi-siyasi rəhbərliyi, o cümlədən Robert Köçəryan bu cinayətlərin əsas təşkilatçısı və məsuliyyət daşıyan şəxsi kimi qəbul edilir. Münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi onlar Azərbaycana təhvil verilə bilərmi?

– Köçəryan və Sarkisyana qarşı başladılan istintaq işləri vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və çirkli pulların yuyulması ittihamlarını əhatə edir. Əlbəttə ki, bu, Ermənistan daxilindəki siyasi mübarizənin nəticəsidir, lakin Ermənistanın müəyyən oliqarxların və ya klanların nüfuzlu olduğu korrupsiyalaşmış, qapalı bir cəmiyyət olduğunu nəzərə alsaq, bu ittihamlar normaldır.

Əgər Sarkisyan və Köçəryan bu gün bu cinayətlərə görə mühakimə olunar və hətta həbs edilərsə, gələcəkdə buna müharibə cinayətləri və insanlığa qarşı cinayətlər üzrə istintaqlar da əlavə edilə bilər. Ermənistan daxilində Türkiyə və Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət yürüdən bu şəxslər və dəstələrin mühakimə olunması üçün yol açıldıqdan sonra, onların törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilə biləcəyi bir sosial atmosfer yarana bilər. Bu, bəlkə də bir prosesin başlanğıcı və çox vacib bir dönüş nöqtəsidir.

WhatsApp Image 2026 08 29 at 10.07.03
Oğuzhan Bilgin

Azərbaycan və Ermənistan arasında daimi sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz konstitusiyasına dəyişiklik etməsi lazımdır. Bu prosesi necə qiymətləndirirsiniz?

– Ermənistanda yeni konstitusiya islahatı prosesinin irəliləməsi müəyyən dərəcədə Ermənistanın daxili siyasət dinamikası ilə bağlıdır. Bu, Paşinyanın öz parlamentində dəstək qazanmaq qabiliyyətindən asılıdır. Ermənistan üçün həqiqətən həssas bir vəziyyətdir, çünki orada klan adlandırılan müxtəlif strukturlar mövcuddur, hansı ki, demokratik proseslərə xələl gətirən işlər görürlər. Amma həm də düşünürəm ki, onun belə bir prosesi başlatması vacibdir. Ümid edirəm ki, yeni konstitusiya islahatı prosesi Ermənistanın artıq nə Azərbaycandan, nə də Türkiyədən ərazi tələb etməməsi və ya iddia etməməsi ilə nəticələnəcək.

– Ermənistan Gümrü-Qars dəmir yolu xəttinin tikintisi üçün layihələndirmə işlərinin aparılmasına dair beynəlxalq müsabiqə elan edib. Bu dəmir yolunun açılması Ermənistan üçün çox böyük önəm daşıyır. Bununla bağlı nə demək istərdiniz? Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan bütün bu kimi addımlar hansı konkret nəticələr doğuracaq?

– Əlbəttə ki, Ermənistan kifayət qədər təcrid olunmuş vəziyyətdədir; sərhədləri bağlı, ticarətə qapalıdır və illərdir inkişafdan qalma problemi ilə üzləşir. İqtisadi resurslarının əhəmiyyətli bir hissəsi erməni diasporunun göndərdiyi pullardan və xarici dövlətlərin yaratdığı asılılıq münasibətlərinə bağlı olub. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın ticarətində də normallaşmaya səbəb olacaq ki, bu, onun üçün iqtisadi cəhətdən çox vacibdir. Əslində, regiondakı bütün ölkələr, həmçinin, Ermənistan normallaşmadan faydalanacaq. Buna görə də Ermənistanda normal psixologiyaya malik rasional aktorlar Qars-Gümrü dəmir yolu xətti və Zəngəzur dəhlizinin açılması kimi bütün bu proseslərin, əslində, Ermənistan üçün faydalı olacağını görürlər.

Normallaşma Ermənistanın da maraqlarına uyğundur; əks təqdirdə, uzun müddət siyasi təcrid və iqtisadi geriliklə mübarizə aparmaq məcburiyyətində olan bir ölkə kimi qalacaq. Paşinyan bu taleyi dəyişməyə çalışır; erməniləri onları daim Azərbaycana və Türkiyəyə qarşı qızışdıran imperialist qüvvələrin təsirindən qoparmağa cəhd etməklə, o, eyni zamanda öz ölkəsinin maraqlarını düşünür. Bununla belə, həmişə dediyim kimi, erməniləri bu nöqtəyə gətirib çıxaran Azərbaycanın şanlı ordusunun qələbəsidir.

– Türkiyə ilə Ermənistan arasında artıq bir neçə ildir birbaşa aviareyslər həyata keçirilir. Türkiyədə yaşayan ermənilər bundan faydalanır, amma eyni şeyi Ermənistan haqda demək olmur. Ermənistanın monoetnik siyasətindən dolayı, burada türklər daimi yaşamır. Bu baxımdan, Ermənistan hansı addımı ata bilər?

– Əlbəttə, qeyd etdiyiniz kimi, Türkiyədə yaşayan erməni vətəndaşlar var. Ermənistandan Türkiyəyə işləmək üçün gələn və ya səyahət edib qayıdan Ermənistan vətəndaşları var və onlar Türkiyədə heç bir problemlə qarşılaşmırlar. Eynilə, Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan və bərabərhüquqlu vətəndaşlığa malik erməni əsilli insanlar da var. Çünki Türkiyə və Azərbaycan böyük bir tarixi və mədəni irsi təmsil edir. Türkiyə və Azərbaycanda belə bir irqçi, faşist, monoetnik atmosfer və ya sosial quruluş yoxdur. Fərqliliklərə açıq, tolerant, irqçilik və ayrı-seçkilikdən uzaq bir yanaşma mövcuddur. Amma təbii ki, bu, Ermənistan üçün belə deyil. Tarix boyu Ermənistanda çox böyük sayda türk əhalisi olsa da, orada nə türk əsilli bir nəfər qalıb, nə də xaricdən ora gedən Azərbaycan və ya Türkiyə vətəndaşlarının orada sərbəst şəkildə hərəkət edə və təqiblərə, təzyiqlərə, hücumlara məruz qalmadan səyahət edə bilməsi mümkün deyil.

Bu, əslində, Türkiyə ilə Azərbaycan, eləcə də türk milləti ilə ermənilər və Ermənistan arasında böyük bir sivilizasiya fərqini göstərir. Ümid edirik ki, Ermənistan radikalizmdən uzaqlaşaraq daha normallaşmış, fərqliliklərə açıq, insan hüquqları və demokratiyaya daha çox sadiq olan bir ölkə və cəmiyyətə çevriləcək.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: