putin

CNN-in jurnalisti Neytan Hoc məqaləsində Rusiyanın son illər avqust ayında ciddi böhran yaşadığını deyib. O, son bir neçə onillikdə avqust ayında baş vermiş hadisələri xatırladıb.

Hazırda Rusiyanın Ukraynaya hücumda üzləşdiyi çarəsiz durumdan necə çıxacağı və status-kvonu necə bərpa edəcəyi beynəlxalq miqyasda maraqlı izlənir. İşğalçı müharibədə 4 il yarımdır davam edən nəticəsizlik, Ukrayna dronlarının, PUA-larının neft və digər vacib infrastruktura ardıcıl hücumları Kremli çətin vəziyyətə salıb.

Bütün bunlar bir sualı yenidən aktual edir: Putin bu müharibədən və üzləşdiyi durumdan sözün siyasi-diplomatik mənasında sağ çıxa biləcək?

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, tarixə ekskurs etsək, Rusiyanın siyasi tarixində avqust ayının uzun illərdir xüsusi və bir qədər də müəmmalı reputasiyaya malik olduğunu görərik:

“CNN jurnalisti Natan Hocun son məqaləsində xatırlatdığı kimi, “qara avqust” və ya “avqust lənəti” ifadəsi Rusiyada yayın son həftələrində baş verən gözlənilməz və ağır böhranların media işçilərinin simvoluna çevrilib. Xatırladaq ki, Natan Hoc bir zamanlar “The Wall Street Journal”ın Moskva bürosunun rəhbəri olub, Rusiya və Ukraynada önəmli xəbərlərə öz imzasını qoyub. Jurnalistin bu yanaşmasını, əlbəttə ki, mistik tərəfdə simvolizə etməzdim, lakin tarixi yaddaşda avqustun məhz siyasi sistemin zəif nöqtələrini üzə çıxaran hadisələrlə assosiasiya olunması da təsadüfi deyil.

1991-ci ilin avqustunda sovet rəhbərliyindəki sərt xətt tərəfdarlarının Mixail Qorbaçova qarşı uğursuz çevriliş cəhdi Sovet İttifaqının dağılmasını sürətləndirən əsas hadisələrdən biri oldu. Sonrakı illərdə də avqust Rusiyanın ümumi yaddaşında müharibələr, iqtisadi sarsıntılar, terror aktları və böyük texnogen faciələrlə qaldı. Prezident Vladimir Putinin hakimiyyətinin ilk ciddi sınaqlarından biri də məhz 2000-ci ilin avqustunda yaşanıb. Xatırladım ki, “Kursk” atom sualtı qayığının Barens dənizində batması nəticəsində 118 dənizçi həyatını itirmişdi. Baş verən hadisə ilə paralel hakimiyyətin ilk günlərdəki davranışı və Putinin böhranın idarə olunmasında nümayiş etdirdiyi yanaşmanın gecikməsi ciddi ictimai narazılıq doğurmuşdu. Bu olay yeni prezident üçün təkcə humanitar faciə deyil, həm də hakimiyyətinin ilk böyük siyasi reputasiya böhranı idi.

Ona görə də 2026-cı ilin avqustu Putinin siyasi taleyi üçün hərbi, iqtisadi, sosial, siyasi problemlərin eyni vaxtda üst-üstə düşməsi baxımından kifayət qədər diqqət çəkir”.

Politoloq bildirib ki, Rusiya dörd il əvvəl Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəni hələ də qəti hərbi-siyasi nəticə ilə yekunlaşdıra bilməyib:

“Rusiyanın Ukraynaya qarşı bu işğalçı hücumu İkinci Dünya müharibəsindən də çox zaman aldı. Amma görünən bu ki, cəbhədə müharibə böyük ölçüdə yorucu qarşıdurmaya çevrilib, Ukrayna isə müharibəni getdikcə daha dərindən Rusiya ərazisinə daşımaq imkanları qazanıb. Moskva rəhbərliyi heç bir halda bu hesablamanı ağlına da gətirməmişdi.

Son həftələr Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın neft, logistika, sənaye və digər iqtisadi obyektlərinə ağır zərbələr endirir. Ukraynanın bu hücumlarının məqsədi yalnız fiziki dağıntı yaratmaq deyil, Moskvanın müharibə aparmaq imkanlarına, iqtisadi resurslarına və Rusiya cəmiyyətinin “müharibə bizdən uzaqdadır” təsəvvürünə fərqli təsir göstərməkdir. “Reuters”in məlumatına əsasən, Putin özü də Rusiyanın iqtisadi infrastrukturlarına yönələn zərbələrin münaqişədə yeni mərhələ yaratdığını etiraf edərək, Ukraynanı “Pandoranın qutusunu açmaqda” günahlandırıb. ABŞ və Avropa mətbuatının son məlumatları da Ukraynanın Rusiyanın dərinliklərindəki infrastruktur və logistika hədəflərinə hücumlarını intensivləşdirdiyini göstərir.

Tamilla
Tamilla Qulami

Burada görünən əsas məsələ Putinin fiziki deyil, həmçinin sözün siyasi-diplomatik mənasında sağ çıxıb-çıxa bilməyəcəyidir. Putin bugünə qədər kifayət qədər dərin böhranlardan keçib və onun siyasi sisteminin əsas üstünlüyü məhz böhranları idarə etmək, informasiya məkanını nəzarətdə saxlamaq və məsuliyyəti müxtəlif strukturlar arasında bölüşdürmək bacarığı olub. Kursk faciəsindən sonra da Putin siyasi baxımdan zəifləmək əvəzinə, zaman keçdikcə, hakimiyyətini daha da mərkəzləşdirdi.

Lakin Ukrayna müharibəsinin fərqi ondadır ki, bu, bir günlük və ya bir aylıq böhran deyil. Müharibənin uzanması Rusiyanın insan, maliyyə və texnoloji resurslarına davamlı təzyiq yaradır. Üstəlik, Ukraynanın zərbələri Rusiyanın ən həssas nöqtələrindən birinə – iqtisadiyyatla müharibə maşınının əlaqəsinə – toxunur. Putin üçün əsas təhlükə ayrıca bir neft zavodunun və ya hərbi obyektin vurulması deyil, bu zərbələrin sistemli xarakter alması, cəmiyyətə müharibənin artıq sərhəddən uzaqda olmadığını göstərməsi və nəzarətin artıq əldən çıxmasıdır”.

T.Qulaminin sözlərinə görə, Putin hərbi nəticəni diplomatik nəticə kimi təqdim etmək, işğal etdiyi ərazilərin bir hissəsini saxlayıb, münaqişəni dondurmaq və bunu Rusiyanın strateji qələbəsi kimi satmaq istəyir:

“Həmçinin müharibəni bir az da uzatmaqla ümid edir ki, Ukraynanın və Qərbin siyasi iradəsini zəiflədəcək. Hazırkı Kremlin ritorikası da Moskvanın hələ də danışıqlara tam güzəşt mövqeyindən deyil, mövcud hərbi və ərazi reallıqlarının qəbul edilməsi şərti ilə yanaşdığını göstərir. Lakin Putinin ən böyük problemi budur ki, status-kvonu əvvəlki vəziyyətinə qaytarmaq daha mümkün deyil. Rusiya artıq 2022-ci ildən əvvəlki Rusiya deyil. Ukrayna da bu gün Rusiyanın təhlükəsizlik sərhədləri daxilində zərbə endirmək qabiliyyətinə malikdir, il ərzində az qala on milyona yaxın pilotsuz uçuş aparatı istehsal edir, Qərblə Rusiya arasındakı qarşıdurma daha dərin və uzunmüddətli xarakter alıb, müharibənin iqtisadi və sosial nəticələrinin ağırlığı isə Rusiya üçün getdikcə daha çox hiss olunur. Hətta Kreml sabah atəşkəs əldə etsə belə, bu, Putinin əvvəlki siyasi rahatlıq vəziyyətinə qayıtması demək olmayacaq.

Belə ki, Putin avqustdan siyasi baxımdan “sağ” çıxa bilər, amma müharibədən əvvəlki Putin kimi çıxması ehtimalı tarixə qovuşub. Sadəcə ölkə daxilində onun hakimiyyət sistemi hələlik güclüdür və yaxın perspektivdə qəfildən dağılma əlamətləri barədə fikir bildirmək bir az çətindir. Demokratiya Rusiyanın sərhədlərinə dirənməsin deyə Putin geri addım atmaq istəmir. Lakin dörd il yarım davam edən nəticəsiz müharibə, artan iqtisadi təzyiq və Ukraynanın Rusiyanın dərinliklərinə çatmaq imkanları Putinin qarşısına açıq və yeni siyasi reallığı qoyub. “qara qvqust”un əsl təhlükəsi bu ay üzə çıxan böhranların sentyabrda və sonrakı aylarda da davam edəcəyidir.

Putini indi hakimiyyətdə qalmaqdan daha çox başqa məsələ narahat edir. Görəsən, o, bu müharibəni Rusiyaya məğlubiyyət kimi görünməyəcək şəkildə bitirə biləcəkmi? Əsl siyasi sınaq da məhz burada başlayır. Çünki müharibə qalibiyyətlə bitməyəcəyi təqdirdə ki, belə olacağı da görünür, Putinin nə daxildə, nə də xaricdə Rusiya hakimiyyətində qalmasına imkan verməyəcəklər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: