Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərində siyasi əlaqələrlə yanaşı, iqtisadi və nəqliyyat əməkdaşlığının da yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar iki ölkənin ticarət, investisiya, istehsal və logistika imkanlarını daha sıx birləşdirmək məqsədi daşıyır. Tərəflərin 2030-cu ilədək qarşılıqlı ticarəti 1 milyard dollara çatdırmaq hədəfi də bunun göstəricisidir.
Lakin burada əsas məsələ rəqəmin özündən daha çox, bu hədəfə necə çatılacağıdır. 2026-cı ilin ilk yarısında Azərbaycan-Özbəkistan ticarət dövriyyəsi 170,3 milyon dollar olub. Cari temp dəyişməz qalsa, illik göstərici təxminən 340-350 milyon dollar səviyyəsində qalacaq. Deməli, 1 milyard dollara yalnız ənənəvi ticarətin artımı ilə çatmaq çətindir. Bunun üçün birgə istehsal, investisiya və logistika zəncirlərinin yaradılması lazımdır.
Bu baxımdan sənədlərdə nəzərdə tutulan birgə müəssisələr və istehsal layihələri xüsusi əhəmiyyət daşıyır. Məqsəd sadəcə Azərbaycan və Özbəkistanın bir-birindən daha çox məhsul alması deyil, birlikdə məhsul istehsal edərək üçüncü bazarlara çıxarmaq olmalıdır. Sənaye, kənd təsərrüfatı və ərzaq emalı, tekstil, kimya, maşınqayırma, logistika və enerji kimi sahələr burada ciddi potensiala malikdir.
Nəqliyyat məsələsi isə bu əməkdaşlığın ən mühüm dayaqlarından biridir. Özbəkistanın dənizə birbaşa çıxışının olmaması alternativ ixrac marşrutlarını onun üçün strateji məsələyə çevirir. Azərbaycan isə Mərkəzi Asiyanı Xəzər üzərindən Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas halqalardan biridir. Buna görə Zəngəzur dəhlizinin açılması Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinə yeni imkanlar yarada bilər.
Ancaq Azərbaycan üçün burada rəqabət amili də var. Özbəkistan öz coğrafi qapalılığını aradan qaldırmaq üçün yalnız Azərbaycan marşrutuna güvənmir, alternativ istiqamətləri də inkişaf etdirir.
Gürcüstanın Poti və Anakliya limanlarında logistika imkanlarının yaradılması bunun göstəricilərindəndir. Ona görə Azərbaycanın üstünlüyü avtomatik yaranmır. Bakı üzərindən keçən marşrut qiymət, sürət, təhlükəsizlik və etibarlılıq baxımından rəqabət üstünlüyü qazanmalıdır.
Zəngəzur dəhlizi bu baxımdan Orta Dəhlizin imkanlarını genişləndirə bilər. Özbəkistan məhsullarının Azərbaycan, Naxçıvan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı asanlaşa, Azərbaycan şirkətləri isə Özbəkistan vasitəsilə Mərkəzi Asiyanın daha geniş bazarlarına çıxış əldə edə bilər. Bu, iki ölkə arasında sadə ticarət əlaqələrindən daha geniş regional istehsal və təchizat zəncirinin formalaşmasına gətirib çıxara bilər.
23 avqust 2026-cı il. Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib
Bununla yanaşı, dəhlizin fiziki olaraq hazır olması onun dərhal tam kommersiya gücü ilə işləyəcəyi anlamına gəlmir. Gömrük prosedurlarının uyğunlaşdırılması, tariflərin müəyyənləşdirilməsi, logistika müqavilələrinin bağlanması və sınaq daşımalarının həyata keçirilməsi də vaxt tələb edir. Buna görə də infrastrukturun tikintisi ilə real yük axınının formalaşması arasında müəyyən zaman fərqi ola bilər.
Azərbaycan və Özbəkistanın maraqları isə burada bir-birini tamamlayır. Azərbaycan üçün əsas üstünlük tranzit gəlirlərinin, logistika imkanlarının və regional geoiqtisadi rolun artmasıdır. Özbəkistan üçün isə alternativ ixrac marşrutlarının yaradılması və Rusiya, Çin kimi istiqamətlərdən asılılığın azaldılması daha strateji əhəmiyyət daşıyır. Bu asimmetriya Bakı üçün əlavə imkan yaradır, amma həmin imkan yalnız rəqabətqabiliyyətli logistika sistemi qurulduğu halda üstünlüyə çevrilə bilər.
Nəticədə bu əməkdaşlığın uğuru üç prosesin sinxronlaşmasından asılı olacaq: siyasi razılaşmalar artıq formalaşıb, infrastruktur orta müddətdə tamamlanmalıdır, real kommersiya inteqrasiyası və investisiyalar isə daha uzun zaman tələb edir. Zəngəzur dəhlizi hazır olduğu halda ona yönələcək yük və istehsal zəncirləri formalaşmayıbsa, marşrut öz potensialından tam istifadə edə bilməz.
Ona görə 1 milyard dollarlıq ticarət hədəfinə sadəcə statistik göstərici kimi yox, yeni iqtisadi modelin hədəfi kimi baxmaq lazımdır. Əsas məsələ daha çox məhsul alıb-satmaq deyil, birlikdə istehsal etmək, investisiya qoymaq və həmin məhsulları üçüncü bazarlara çıxarmaqdır. Zəngəzur dəhlizi isə bu modelin mühüm logistika dayağına çevrilə bilər. Əgər siyasi iradə, infrastruktur və kommersiya maraqları eyni vaxtda reallaşdırılarsa, Azərbaycan-Özbəkistan əməkdaşlığı təkcə iki ölkənin deyil, Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasındakı daha geniş geoiqtisadi bağlantının mühüm elementinə çevrilə bilər.
Akif Nəsirli