1786953489 c53a7438ce38b74cdb980b47b79d2cf3

Prezident İlham Əliyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.

Dövlət başçısının sosial şəbəkə hesabında görüşlə bağlı bunlar yazılıb:

“20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, AzərbaycanUkrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiyaya xoş olmasa da, Azərbaycan dəfələrlə Ukraynanın ərazi bütövlüyünü və haqlı mübarizəsini dəstəklədiyini ali səviyyədə bəyan edib:

“Ukraynanın sosial və mədəni, həmçinin enerji infrastrukturlarının bərpasına, ukraynalı uşaqların reabilitasiyasına dəstək göstərilir. Xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda Ukraynada səfərdə olanda İrpen şəhərində Azərbaycanın maliyyə dəstəyilə bərpa edilmiş və Zərifə Əliyeva adının verildiyi liseyin, həmçinin şəhər xəstəxanasının açılışında iştirak etmişdi. Bu cür bərpa layihələri iki ölkə arasında humanitar və mədəni əlaqələrin daha da yüksəlməsinə imkan verir.

Həmçinin xatırlatmaq olar ki, Rusiya Ukraynanı qazla təmin edən enerji xəttini vurarkən bunun bərpasına SOCAR da vəsait ayırmışdı. Ümumiyyətlə, Ukrayna üçün enerji təhlükəsizliyində Azərbaycanın rolu gedərək artır. Nəticə olaraq iqtisadi əlaqələr gücləndirilərək daha da struktural xarakter alan ikitərəfli münasibətlərdə siyasi jestlər artır. Məsələn, Laçınla İrpen 2024-də “qardaşlaşmış şəhərlər” statusu alıblar. İrpen sadəcə Azərbaycandan humanitar yardım almır, həm də ərazi bütövlüyünün bərpası, işğal sonrası bərpa və yenidənqurma təcrübəsini öyrənib-mənimsəməyə çalışır. Bütün bunların fonunda Qarabağın işğaldan azad olunması ilə bütün dünyanın işğaldan əziyyət çəkən xalqlarına ümid işığı olan Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin İrpen şəhərinin fəxri vətəndaşı adına layiq görülməsi də simvolik xarakter daşıyır.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə

Bu adın Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko tərəfindən təqdim olunması da diqqətəlayiq məqamdır. Ümumiyyətlə, Ukrayna siyasi sistemində keçmiş prezidentlərin iştirakı hiss olunur. Məsələn, ən son Ukrayna-Polşa gərginliyində Prezident Volodimir Zelenskiyə verilən medal geri alınarkən bütün digər prezidentlər də öz medallarından imtina etmişdilər. V.Yuşenko 2004-cü ildə “Narıncı inqilab”ı ölkəyə gətirmiş, Ukraynanın Qərbə inteqrasiyası istiqamətində mühüm addımlar atmış, lakin Rusiya tərəfindən ciddi təzyiqlərlə üzləşmişdi. Görünən odur ki, bir şəxsə yönələn təzyiq bütün xalqı nə 10 il sonra Maydandan, nə 20 il sonra azadlıq və suverenlik uğrunda daha genişmiqyaslı mübarizədən çəkindirə bilməmişdi. Azərbaycan Prezidenti bir neçə dəfə Ukraynanın azadlıq mübarizəsinə açıq dəstəyini ifadə edib və indi bu mübarizənin ilkin simalarından olan eks-prezident tərəfindən simvolik jest Azərbaycanın haqlı mövqeyinə təşəkkür rəmzidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin özü də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova şəxsən təşəkkür etmişdi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: