WhatsApp Image 2026 08 10 at 14.59.23

Son günlər özünü beynəlxalq hüquq müdafiəçisi, xeyriyyəçi və yəhudi icmasının nümayəndəsi kimi təqdim edən “David Seliverstov”la bağlı yayılan məlumatlar yeni suallar yaradıb. Əsl adının Kazım Elşən oğlu Abbasov olduğu bildirilən şəxsin Gürcüstandakı kazinolardan birində lentə alınan görüntülərinin sosial şəbəkələrdə yayılması isə onun kimliyi və fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Videoda “David Seliverstov” kimi təqdim olunan şəxsin kazino əməkdaşları ilə mübahisə etdiyi görünür. O, mühafizəçilərin onu kazinoya buraxmadığını və yəhudi olduğuna görə ona təzyiq göstərildiyini iddia edir. Bununla da tərəflər arasında yaranan mübahisənin antisemitizm zəminində təqdim edilməsinə çalışıldığı bildirilir. Videoda şəxsin sərxoş və ya narkotik vasitənin təsiri altında olduğu təəssüratı da yaranır.

Hadisədən sonra “David Seliverstov”un əsl kimliyi ilə bağlı daha əvvəl yayılan məlumatlar yenidən gündəmə gəlib.

Məlumata görə, “David Seliverstov” adı ilə fəaliyyət göstərən şəxs 26 mart 1988-ci ildə Bakıda anadan olmuş Kazım Elşən oğlu Abbasovdur. O, professor Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır. İddialara görə, Kazım Abbasov Təranə Paşayevanın 500 min manat vəsaitini mənimsəyib.

Onun bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildiyi də bildirilir.

Belə ki, Kazım Abbasov 2011-ci ildə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə dələduzluqda ittiham olunub və məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu – vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və 320.2-ci saxta sənədlərdən bilə-bilə istifadə etmə maddələri ilə cinayət işi başlanıb. Bu iş üzrə Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimələnib.

2014-cü il sentyabrın 29-da isə Kazım Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham irəli sürülüb. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Yayılan məlumatlara əsasən, 2022-ci ildə azadlığa çıxdıqdan sonra Abbasov ictimai imicini dəyişərək “David Seliverstov” adı ilə fəaliyyət göstərməyə başlayıb. O, özünü hüquq müdafiəçisi, xeyriyyəçi və yəhudi icmasının nümayəndəsi kimi təqdim edib.

Məhz bundan sonra onun adı “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” ilə əlaqələndirilməyə başlayıb. Abbasov 2025-ci ildə MTV-nin “Geriyə Baxanda” verilişində də özünü “David Seliverstov” kimi təqdim edib. O, rəhbəri olduğu təşkilatın 2021-ci il avqustun 16-da Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailovun təşəbbüsü ilə yaradıldığını bildirib.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı isə mediaya açıqlamalarında Azərbaycanda “David Seliverstov” adlı şəxsin mövcud olmadığını bildiriblər.

Məsələdə diqqət çəkən məqamlardan biri də K.Abbasovun bu ad altında uzun müddət müxtəlif tədbirlərdə və televiziya efirlərində çıxış etməsidir. Beləliklə, onun yaratdığı ictimai obraz sosial şəbəkələrlə məhdudlaşmayıb.

Bu məsələdə Milli Məclisin deputatı Anatoliy Rafailovun adı da xüsusi diqqət çəkir. “David Seliverstov” özü rəhbəri olduğu təşkilatın Rafailovun təşəbbüsü ilə yaradıldığını bildirib.
Bununla belə, son günlər yayılan məlumatlarda Anatoliy Rafailovun “David Seliverstov”la münasibətinin olmadığını bildirdiyi qeyd edilir.

Maraqlıdır ki, Globalinfo.az olaraq bir müddət əvvəl deputatdan açıqlama almağa çalışarkən Anatoliy Rafailov əməkdaşımızı məhz “David Seliverstov”a yönləndirib. Bundan başqa, onların birlikdə çəkilmiş videoları da yayılıb.

Bu faktlar fonunda deputatın “David Seliverstov”la hansı münasibətdə olduğu və həmin şəxsin fəaliyyəti barədə nə dərəcədə məlumatlı olduğu sual doğurur. Anatoliy Rafailovla əlaqə saxlamaq mümkün olmayıb.

Məsələ ilə bağlı A.Rafailovun mövqeyini dərc etməyə hazırıq.

Digər tərəfdən, “Magen David International Center for Women” adlı qurumun da “Magen David Azərbaycan”la əlaqəli olduğu bildirilir. Təşkilatın direktoru kimi Aygün Əhmədovanın adı çəkilir.

Məlumata görə, Aygün Əhmədova, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin idarə heyətinin sədri Aygün Ağamalı, idarə heyətinin üzvləri – icraçı direktor Sevinc Həsənova və hüquq departamentinin rəhbəri Nəzakət Mahmudova 2023-cü il dekabrın 13-dən 16-dək Tbilisidə səfərdə olublar. Səfər iştirakçıları “Magen David Group”un nümayəndələri kimi təqdim edilib.

“David Seliverstov”un fəaliyyəti ilə bağlı yayılan materiallarda onun Aygün Əhmədova ilə şəxsi münasibətlərinin olduğu barədə də iddialar səsləndirilir. Bununla bağlı Aygün Əhmədovanın mövqeyini dərc etməyə hazırıq.

MTV-nin “David Seliverstov”u efirə dəvət etməsi də ayrıca suallar doğurur. Çünki verilişin formatına əsasən, proqrama dəvət olunan şəxslər həyat yolu və fəaliyyəti barədə danışırlar. Bu baxımdan, haqqında cinayət keçmişi ilə bağlı məlumatlar yayılan şəxsin başqa ad və ictimai obraz altında efirdə çıxış etməsi diqqət çəkir.

Gürcüstandakı kazino görüntüləri isə məsələni yenidən gündəmə gətirib. Yayılan məlumatlara görə, “David Seliverstov” ana vətəni – İsraillə getdiyini, iqtisadi görüşlər keçirəcəyini deyib və bunu Azərbaycana investisiya cəlb etmək məqsədi ilə izah edib.

Hazırda məsələ ilə bağlı mediada və sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilir. Hüquq müdafiəçilərinin müraciətində isə “David Seliverstov” – Kazım Abbasovun fəaliyyətindən zərər çəkdiyini bildirən və ya ondan təzyiq və təhdid gördüyünü deyən şəxslərin aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.

Globalinfo.az

Paylaş: