ehali gencler

Bir müddət əvvəl tələbələrin ölümü ilə bağlı diqqətçəkən statistika açıqlanmışdı. Həmin məlumatlara görə, ötən tədris ili ərzində Azərbaycanda 200 tələbə vəfat edib. İyulun 24-də universitet tələbəsi olan daha bir gəncin vəfat etdiyi barədə xəbər yayılıb.

Son illər Azərbaycanda və dünyada ölüm hallarının, xüsusilə də gənclər arasında artdığı ilə bağlı narahatlıqlar səsləndirilir.

Tələbələr və ümumilikdə gənclər arasında ölüm hallarının artmasının əsas səbəbləri nələrdir? Bu tendensiyanı şərtləndirən amillər hansılardır?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu məsələyə sistemli yanaşmaq lazımdır:

“Tələbələr və ümumilikdə gənclər arasında baş verən ölüm halları səbəblərinə görə ayrıca təsnif edilməlidir. Xüsusilə qəfil ölümlər ayrıca araşdırılmalıdır. Qəfil ölümlərin əsas səbəbləri arasında ürək-damar sistemi xəstəlikləri, o cümlədən miokard infarktı, insult, ağciyər arteriyasının tromboemboliyası və dərin venaların trombozu kimi hallar yer ala bilər. Bəzi hallarda bu xəstəliklər gizli gedişə malik olur və ilk əlamət kimi ağır fəsad və ya qəfil ölüm ilə özünü göstərə bilər”.

Adil Qeybulla 900x564 1
Adil Qeybulla

Professorun fikrincə, xroniki xəstəliklər nəticəsində baş verən ölüm halları da ayrıca qiymətləndirilməlidir:

“Buraya onkoloji və hematoloji xəstəliklər, o cümlədən leykozlar, eləcə də digər ağır xroniki patologiyalar daxildir. Bu baxımdan, hər bir ölüm halının səbəbləri üzrə dəqiq statistikanın aparılması vacibdir. Məsələn, neçə tələbənin hansı səbəbdən həyatını itirdiyi barədə məlumatlar toplanmalı və təhlil edilməlidir. Belə statistika gələcəkdə profilaktik tədbirlərin planlaşdırılması, skrininq müayinələrinin təşkili və risk qruplarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hər bir ölüm halı ayrıca araşdırılmalı, səbəblər üzrə qruplaşdırılmalı və əldə olunan nəticələr əsasında bu kimi halların qarşısının alınmasına yönəlmiş effektiv tədbirlər planı hazırlanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: