Ermənistanda fermerlər pomidorun emal müəssisələri tərəfindən qəbul edilməməsinə etiraz olaraq İrəvan–Arazdəyən (Yerask) avtomobil yolunu bağlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ararat vilayətinin sakini Artak Arutyunyan bildirib ki, hazırda tarlasında 60 ton pomidor qalıb, lakin zavodlar məhsulu almaqdan imtina edir.
Onun sözlərinə görə, bu problem hər il təkrarlanır: “2025-ci ildə söz verdilər ki, bu il vəziyyət yaxşı olacaq. Amma daha pis oldu. Deyirlər ki, məhsulu ixrac edə bilməyəcəkləri üçün alış həyata keçirmirlər. Hazırda 60 ton pomidorum var və nə edəcəyimi bilmirəm”.
Fermerlər bildiriblər ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan pomidor və xiyarla bağlı problemi həll edəcəyini vəd versə də, indiyədək heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, emal zavodlarının heç biri məhsulu qəbul etmir.
Etiraz aksiyası zamanı yol təxminən 15 dəqiqə bağlı qalıb. Daha sonra fermerlər yolu nəqliyyatın hərəkəti üçün yenidən açıblar.
Qeyd edək ki, Arazdəyən (Yerasx – ermənilər buranı belə adlandırır) Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəddir.
Əliyar Xəlil
Globalinfo.az