ABŞ qanunvericiləri Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutan yeni qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə qanun layihəsinin mətni ilə tanış olan “Azadlıq Radiosu” məlumat yayıb.
Məlumata görə, sənədin bazar ertəsi Konqresə təqdim olunması planlaşdırılır.
Əvvəlki layihədə Moskvanın ABŞ-ın sülh təşəbbüslərini rədd etməsinə cavab tədbirlərinin tətbiqi əsasən Prezident Donald Trampın qərarından asılı idi. Yenilənən variantda isə qanun qəbul edildikdən sonra sanksiyaların əksəriyyətinin 30 gün ərzində avtomatik qüvvəyə minməsi nəzərdə tutulur.
Yeni layihəyə əsasən, sanksiyaların əhatə dairəsi Rusiya rəsmiləri və bankları ilə məhdudlaşmayacaq. Sənəddə investisiyalar, dövlət borcu, dəniz daşımaları, enerji daşıyıcılarının ixracı, uran idxalı, maliyyə institutlarının xidmətləri və Rusiya iqtisadiyyatının digər mühüm sektorlarına qarşı da məhdudiyyətlərin tətbiqi təklif edilir.
Qeyd edək ki, ötən həftə Kiyevə səfəri zamanı qanun layihəsinin həmmüəlliflərindən olan respublikaçı senator Lindsi Qrem Ağ Evlə sənədin yeni redaksiyası üzrə razılıq əldə olunduğunu bildirib.
Əliyar Xəlil