tramp

“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə neft emalı zavodlarına hücumların dayandırılmasını nəzərdə tutan mümkün razılaşmadan sonra Ukraynaya təzyiqləri artırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” yazıb.

“Lakin Tramp Rusiya ilə Ukraynanın qarşılıqlı hücumları dayandırmasını nəzərdə tutan enerji atəşkəsi barədə açıqlama versə də, Moskvanın təklifi qəbul etdiyi hələ təsdiqlənməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə atəşkəs elanının onun üçün yeni məlumat olduğunu bildirib. O, Rusiyanın hücumlarının davam etdiyini, Xarkovdakı elektrik stansiyasının da vurulduğunu açıqlayıb”, – deyə bildirilib.

“Financial Times”ın məlumatına görə, Vaşinqton Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları davam etdirəcəyi təqdirdə NATO vasitəsilə həyata keçirilən Amerika silahlarının tədarükünə mane ola biləcəyi barədə xəbərdarlıq edib.

İddialara görə, ABŞ kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaq məsələsini də gündəmə gətirib. Lakin amerikalı rəsmi bu iddianı təkzib edib.

Digər tərəfdən, Ağ Ev rəsmisi Trampın Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarından narazı olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqton bu hücumların qlobal yanacaq qiymətlərinə təsir göstərdiyini düşünür.

Ukraynalı rəsmi isə mümkün razılaşmanın tərəflər üçün eyni nəticələri doğurmayacağını vurğulayıb.

O bildirib ki, Ukraynanın yeganə neft emalı zavodu Rusiya hücumları səbəbindən tam gücü ilə işləyə bilmir və ölkənin əsas ehtiyacı enerji infrastrukturuna hücumların dayandırılmasıdır.

Qeyd edək ki, Trampın Rusiya ilə dizel yanacağına dair razılaşması ABŞ Konqresində də etirazla qarşılanıb. Dörd respublikaçı və üç demokrat senator Rusiyadan enerji idxalını qadağan edən qanunları xatırladaraq administrasiyanı razılaşmadan geri çəkilməyə çağırıblar.

Bununla belə, ABŞ-nin maliyyə naziri Skott Bessent razılaşmanın həyata keçirilməsində israrlı olduqlarını bildirib. O, bu addımın Amerika xalqının maraqlarına xidmət edəcəyini və yanacaq qiymətlərini aşağı sala biləcəyini iddia edib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: