maas 2

Hazırda 2027-ci ilin dövlət büdcəsi müzakirə olunur. Cənab Prezident də YAP-ın qurultayında maaşların, pensiyaların və müavinətlərin artırılacağını qeyd edib. Hazırda artımın təxminən 10 faiz olacağı, minimum əməkhaqqının isə 50 manat artırılaraq 450 manata çatdırılacağı barədə fikirlər səslənir.

Bu sözlər istiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov Globalinfo.az-a müsahibəsində minimum əməkhaqqının yaxın dövrdə 600-800 manat çatdırılması ehtimalından danışarkən deyib.

O bildirib ki, indiki şəraiti, inflyasiyanı və qiymət artımını nəzərə alsaq, bu məsələyə daha ciddi yanaşmaq lazımdır:

“Hətta ABŞ kimi ölkələrdə də inflyasiya və qiymət artımı müşahidə olunur. Buna görə də 2027-ci ilin dövlət büdcəsi hazırlanarkən əməkhaqlarının, pensiyaların, müavinətlərin və xüsusilə minimum əməkhaqqının artırılması məsələsinə yenidən baxılmalıdır. Minimum əməkhaqqı özəl sektorda çalışanlar üçün də mühüm əhəmiyyət daşıyır. Çünki işəgötürənlər işçilərə qanunla müəyyən edilmiş minimum məbləğdən aşağı əməkhaqqı ödəyə bilməzlər. Hesab edirəm ki, 10 faizlik artım əhalini tam qane etməyəcək. Qiymət artımı və inflyasiya kifayət qədər yüksək olduğuna görə bu amillər mütləq nəzərə alınmalıdır.

Diqqət yetirsəniz, bəzən maaş artımı elan olunmamışdan əvvəl belə qiymətlər yüksəlir. Mən özüm də bazara gedir, alış-verişimi özüm edirəm və qiymətləri görürəm. Sahibkarlar da bu məsələdə məsuliyyətli davranmalıdırlar. Biz hamımız eyni cəmiyyətin üzvləriyik. Əgər maaş 10 faiz artırılırsa, bunun ardınca qiymətləri 20-30 faiz qaldırmaq düzgün yanaşma deyil. Ümumiyyətlə, maaş və pensiyaların artımı ilə qiymət artımı arasında həmişə uyğunluq olmur. Bu sahədə müəyyən problemlər var və onların həlli üçün qiymət dinamikası da nəzərə alınmalıdır”.

Paylaş: