Çox da uzaq olmayan keçmişdə ailəli ola-ola xəyanət edənlərin, yaxud bir dam altında yola gedə bilməyən cütlüklərdən birinin digərini qətlə yetirməsi xəbərlərini eşidirdik. Əksər hallarda isə öldürülən qadın olurdu. Günahın kimdə olmasından asılı olmayaraq, ölümə məhkum edilən tərəf əksərən qadın idi. Səbəbindən asılı olmayaraq böyük kütlə belə hadisələrdə ilk “namus” sözünü qabardırdı.
Sonra müasir adlandırdığımız, hər şeyə daha normal yanaşdığımız, çox uzaq gördüyümüz o gələcək gəldi çatdı. Bir-birini hansısa səbəbdən “həzm” edə bilməyən cütlüklər boşanmağa üstünlük verməyə başladılar. Düzü, buna sevindik… Bəli, ölüm xəbərlərindənsə, yetim qalan uşaqlardansa, boşanma statistikasının artmasına sevindik.
Amma bütün sevinclərimiz kimi bu da yarım qaldı.
İndi isə boşanmaların yeni “dəbi” ilə qarşılaşırıq.
Ötən gün yayılan xəbərin başlığında yazıldığı kimi: “Kişi keçmiş həyat yoldaşını güllələdi”.
Nə baş verir ki, insanlar boşandıqdan sonra da bir-birlərindən əl çəkə bilmirlər? Niyə çıxış yolu yenə ölüm olur?
Baxın, artıq kifayət qədər müdrik yaşa çatmış bir ata və ana boşandıqdan sonra övladlarını paylaşa bilməyiblər və nəticədə qətl baş verib. Ay gözəl insanlar, onsuz da bu mərhələyə qədər o uşağa yetərincə stress, gərginlik və qorxu yaşatmışdınız. Bu, ilk münaqişə ola bilməzdi. Böyük ehtimalla, boşanmaya qədər də uşağın gözü qarşısında saysız-hesabsız mübahisələr yaşanıb və bundan sonrakı dövrdə də davam edib. Nəhayət, psixologiyası uçuruma sürüklənən bir uşaq formalaşıb.
İndi isə onun gözləri qarşısında güllələnmə…
Hanı o dediyimiz “övlada xatir” düşüncələri? Hanı “uşağa görə” göstərilən fədakarlıq?
Artıq həmin uşağın psixologiyası yerlə-yeksandır. Ata güvən deməkdir, ana isə qarşılıqsız sevgi. O uşaq bu gün həmin hissləri əbədi itirdi.
Bəlkə də ana keçmiş həyat yoldaşını yaxşı tanıdığı üçün övladını ondan uzaq tutmağa çalışırdı. Bəlkə də şərhlərdə yazıldığı kimi, ata əvvəlki xəyanətləri ilə ananı boşanmağa məcbur edib. Səbəb nə olur-olsun, bir uşaq anasız qalmamalı idi.
Həmişə olduğu kimi, bu hekayənin də tək qurbanı uşaq oldu. Çünki ana qara torpağa, ata isə qara zindana getdi…
Ləman İmran
Globalinfo.az