
Ukrayna Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli zərbələrini davam etdirir. Bu dəfə hədəf ölkənin ən böyük neftayırma müəssisələrindən biri olan, “Qazpromneft”ə məxsus Omsk Neft Emalı Zavodu (Omsk NPZ) olub. İndiyədək 2500 kilometr məsafədə yerləşdiyi üçün əlçatmaz hesab edilən strateji obyektin FP-1 dronlarının uçuş məsafəsinin 3400 kilometrə qədər artırılmasından sonra vurulduğu bildirilir. Qeyd edək ki, “Omsk NPZ” Cənub-Qərbi Sibirdə, İrtış çayı sahilində yerləşən Omsk şəhərində yerləşir.
Ukraynaya məxsus dronlarda bu məsafə artımı necə baş verdi? Pilotsuz uçuş aparatları hansı texnologiya vasitəsilə bu cür gəlişdirildi? Ukrayna dronları Sibirə necə çatdı?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ukraynanın müdafiə sənayesi Rusiya ilə beş ildir davam edən müharibə şəraitində mühüm nailiyyətlər əldə edib:
“Buna gəmi əleyhinə, uzaqmənzilli yer-yer tipli raketlərin, eləcə də dron və dron əleyhinə sistemlərin istehsalının mənimsənilməsi daxildir. Sözügedən sistemlər sürətlə modernləşdirilir, düşmənin hava hücumundan müdafiə sistemlərini yarmaq imkanları artırılır. Eyni zamanda, dronlar əvvəlki versiyalarla müqayisədə daha uzaq məsafələrə uça və daha dəqiq zərbələr endirə bilir. “Omsk NPZ”yə dronla zərbə endirilməsi diqqətçəkən hadisədir. Bu, Ukrayna üçün Rusiyanın şimal rayonlarının, hətta Sibir ərazisinin də əlçatan olduğunu göstərir. Daha əvvəl dronların yalnız nisbətən yaxın məsafələrdə istifadə olunduğu müşahidə edilirdi. İndi isə həmin dronun 3400 kilometrədək uça bilməsi, Ukraynanın dron istehsalı sahəsində ciddi irəliləyiş əldə etdiyini göstərir”.
Ədalət Verdiyev
Ekspert bildirib ki, Rusiyanın dərinliklərində yerləşən hədəflərə dronlarla dəqiq zərbələrin endirilməsi Moskva üçün ciddi problemlər yaradır:
“Digər diqqətçəkən məqam isə dünyanın ikinci qlobal hərbi gücü hesab olunan Rusiyanın hava hücumundan müdafiə sistemlərinin təxminən 2500 kilometr məsafə qət edərək 15 saat ölkənin hava məkanında qalan PUA-nı zərərsizləşdirə bilməməsidir. Bu isə Rusiyanın hava məkanının etibarlı müdafiə olunmadığını göstərir”.
Ləman İmran
Globalinfo.az