zamiq 1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, prosesə  sədrlik edən hakim Roman Ələkbərli işə əvvəldən hakim Elnur Nuriyevin sədrlik etdiyini, lakin hazırda onun icraatında olduğunu qeyd edib. O, eyni zamanda təqsirləndirilən Zamiq Xankişiyevin qardaşı Ş. Xankişiyevi əvvəldən tanıdığına, münasibəti olduğunu bildirib. Hakim bildirib ki, belə olduğu halda işin obyektiv araşdırılması mümkün deyil.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işinə başqa tərkibdə baxılacağı ilə bağlı qərarını elan edib və proseslə bağlı məlumat veriləcəyini bildirib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui- istifadə edərək, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S-dir.

O, iş adamına Neftçaladakı “Olimpiya İdman Kompleksi”nin tikintisində isrifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək, pulunu ödəyəcəyinə söz versə də, bundan yayınaraq, daha sonra həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S- nin etibarından istifadə edərək onun “Maserati Ghibli” avtomobilini dəyərindən çox ucuz qiymətə 48 min ABŞ dollarına sataraq mənimsəyib. O bundan başqa iş adamına məxsus daha bir avtomobilini “Mersedes-Benz  S-Klass”markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytararaq 35 min ABŞ dollarını isə ələ keçirərək mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S nin ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan başqa tanış olduğu S.V. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edərək külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib.O,  S. V-nin ümümilikdə, 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə olub.O işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi “Kia”markalı avtomobili verməyərək həmin məbləği də mənimsəmişdir.

Xatırladaq ki, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Zamiq  Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, “Bentley” markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

Paylaş: