nn

Xəbər verdiyimiz kimi, Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.

Globalinfo.az onun dosyesini təqdim edir.

Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini Bakı Dövlət Universitetində (BDU) davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra – 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.

BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür. O, 12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009–2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olub.

Nurlana Əliyeva 23 iyun 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru vəzifəsini icra edib. O, sabiq deputat Hadi Rəcəbli ilə qudadır.

Məhkəmə prosesi 

Bakı Slavyan Universitetinin tələbələrinin çoxsaylı şikayətləri əsasında universitetin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Nəticədə 2021-ci ildə onun barəsində cinayət işi başlanılıb. D.Əliyeva külli miqdarda dələduzluq, rüşvət alma və rüşvət verməyə təhrik etmədə ittiham olunub. İş üzrə  123 tələbə 226 960 manatlıq mülki iddia qaldırıb. D.Əliyeva rektor Nurlana Əliyevanın da bütün prosesdən xəbərdar olduğunu, hər şeyi onunla birlikdə etdiyini deyib.
Buna əsasən rektor ifadə verməyə çağırılıb. 

Lakin N.Əliyeva məhkəməyə getməkdən imtina edib. Hətta bir müddət ölkə xaricinə çıxıb, daha sonra Azərbaycana qayıdıb. Onun bu addımı Türkiyəyə müalicə almaq üçün getməsi ilə əsaslandırılıb. Prosesin gedişatında rektorun məhkəməyə məcburi şəkildə gətirilməsinə qərar verilib.

2023-cü ildə məhkəmədə dindirilən rektor, D.Əliyevanın bütün iddialarını təkzib edib. O, hətta şöbə müdirini tanımadığını, tələbələrin təhsil haqlarını ödəmədiklərini deyib. “Təhsilhaqqı birbaşa sistemə otururdu. Pulun nağd şəkildə dekana ödənilməsi faktı ilə qəti razı deyiləm. Pandemiya dövründə ödəmələr azaldı, çünki tələbələr onlayn şəkildə təhsil alırdılar. Təhsil haqqını ödəmədiyinə görə hansısa tələbənin universitetdən qovulması mümkün deyil. Dürdanə Əliyeva ilə hansısa pul razılaşması olmayıb”, – N.Əliyeva deyib.

Dürdanə Əliyevanın vəkili isə qeyd edib ki, universitetdə uzun müddət ödəmə terminalı işləməyib, buna görə tələbələr təhsil haqqını dekanlığa yaxınlaşıb və ödəyib.

D.Əliyeva barəsində 2023-cü ildə hökm oxunub, o, 6 il müddətinə azadlıqdan məhrum edilib. N.Əliyeva sadəcə proses zamanı şahid qismində dindirilib, D.Əliyevanın ittihamları təsdiqini tapmayıb. Proses ictimaiyyətdə diqqətlə izlənilib və müzakirələrə səbəb olub.

Günel Cəlil
Globalinfo.az 

Paylaş: