Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək. O bunu həkim çatışmazlığı ilə əlaqələndirib.
Həmin həkimlərin fəaliyyətini uzatmaq bölgələrdəki səhiyyə problemini həll edəcəkmi? Gənc həkimlər niyə rayonlarda işləmək istəmir? 65 yaş həddi yalnız regionlarda ləğv edilməlidir, yoxsa bütün ölkə üzrə?
Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, peşəkar fəaliyyəti ilə fərqlənən, müxtəlif fəxri adlara, elmi dərəcələrə və uzunmüddətli təcrübəyə malik həkimlərin 65 yaşdan sonra da fəaliyyətlərini davam etdirmələri üçün qanunvericilikdə müəyyən imkanlar nəzərdə tutulub:
“Bundan başqa, əgər hər hansı tibb müəssisəsində vakant yer mövcuddursa və həmin ixtisas üzrə mütəxəssisə ehtiyac varsa, 65 yaş həddinə çatmış, lakin peşəkar fəaliyyətini davam etdirmək iqtidarında olan həkimlərə bu vakansiyalar təklif oluna bilər. Beləliklə, onların fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılarsa, regionlarda tibbi kadr çatışmazlığının müəyyən hissəsini aradan qaldırmaq mümkün olar. Mən bunun praktik nümunələrinin də şahidi olmuşam”.
Deputat bildirib ki, bu yanaşma regionlarda həkim çatışmazlığı probleminin yalnız müəyyən hissəsinin həllinə kömək edə bilər:
“Problemin köklü həlli isə daha geniş və sistemli tədbirlər tələb edir. İlk növbədə, ali tibb təhsilini başa vurmuş gənc mütəxəssislərin, eləcə də xarici ölkələrdə təhsil almış və diplomları Azərbaycan qanunvericiliyinə uyğun qaydada tanınmış həkimlərin səhiyyə sisteminə daha fəal cəlb olunması vacibdir. Məhz bu resurslardan səmərəli istifadə etməklə müxtəlif ixtisaslar üzrə kadr ehtiyacını qarşılamaq mümkün olacaq”.
Müşfiq Məmmədli onu da əlavə edib ki, urbanizasiya bütün dünyada sürətlə davam edir:
“Həkimlər də daha çox iqtisadi imkanların, sosial təminatın və inkişaf etmiş infrastrukturun olduğu iri şəhərlərdə fəaliyyət göstərməyə üstünlük verirlər. Bu səbəbdən tibbi kadrların qeyri-bərabər bölgüsü təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, inkişaf etmiş dövlətlər üçün də xarakterik problemdir. Məhz buna görə də dövlət tərəfindən müəyyən tənzimləmə mexanizmləri və stimullaşdırıcı tədbirlər tətbiq olunmalıdır. Regionlarda çalışan həkimlər üçün əlavə sosial təminatlar, maliyyə təşviqləri, mənzil və digər güzəştlər yaradılarsa, bu istiqamətdə maraq artar və nəticədə regionlarda həkim çatışmazlığı problemi tədricən öz aktuallığını itirə bilər”.
Zaira Akifqızı
Globalinfo.az