***15:55
1993-cü il iyunun 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəy Bakını tərk edərək əvvəlcə Naxçıvana, sonra isə doğulduğu Kələki kəndinə getdi. Bu addım ölkədə ciddi siyasi böhran yaratdı. Ali Sovetin sədri Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət edərək hadisəni açıqladı və Elçibəyi Bakıya qayıtmağa çağırdı.
Elçibəy isə həyatına təhlükə olduğunu, həmçinin ölkədə mümkün vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə bu qərarı verdiyini bildirdi. Onun və tərəfdarlarının fikrincə, təhlükə Surət Hüseynov və tərəfdarlarından gəlirdi. Hadisənin əsl səbəbləri və qərarın arxasında duran amillər isə bu gün də müzakirə mövzusu olaraq qalır.
Xəbəri videodan da izləyə bilərsiniz:
Əbülfəz Elçibəyin 1993-cü ildə Kələkiyə getməsi həqiqətən həyatına təhlükə və vətəndaş müharibəsinin qarşısını almaq məqsədi daşıyırdı, yoxsa bu qərarın arxasında başqa siyasi səbəblər də var idi?
Globalinfo.az-a danışan həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri və Azərbaycan Respublikasının ərazi idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri olmuş Arif Hacılı bildirib ki, 1993-cü ilin 4 iyun tarixində ölkədə hərbi qiyam baş vermişdi:
Arif Hacılı
“Siyasi müxalifət qanuni hakimiyyətə yox, hərbi müxalifətə dəstək verdi. Zaman da göstərdi ki, müxtəlif bəhanələr olsa da dava hakimiyyət uğrunda idi. Müxtəlif vəzifələr boşaldılsa da, birləşmiş hərbi-siyasi müxalifət qane olmadı. Görünürdü ki, bu qüvvələr hakimiyyət naminə vətəndaş müharibəsinə getməyə hazırdırlar”.
A.Hacılı Ə.Elçibəyin gedişini belə əsaslandırıb:
“Elçibəy vəzifəsindən uzaqlaşmaqla, səlahiyyətlərinin əsas qismini öz fərmanı ilə Milli Məclis sədrinə verdi. Bunu etməklə vətəndaş müharibəsinə səbəb olacaq əsas amili aradan qaldırdı”.
Xatırladaq ki, Əbülfəz Elçibəy Kələkidə 4 il 4 ay yaşayıb. 1997-ci ilin oktyabr ayında o, Bakıya qayıdıb. 2000-ci il 22 avqust tarixində Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişib.
Zaira Akifqızı
Globalinfo.az
