pentaqon 11

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında təhlükəli maddələrin olması ilə bağlı insident səbəbindən fövqəladə tədbirlər görülür.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, havanın keyfiyyəti ilə bağlı potensial təhlükə səbəbindən binanın bəzi hissələri izolyasiya olunub. İkinci mərtəbədən beşinci mərtəbəyədək olan ərazilər bağlanıb, bir sıra koridorlar bloklanıb, bəzi sahələr isə təxliyə edilib.

CNN-in məlumatına əsasən, binanın daxilində xidmət aparan polis əməkdaşları qaz maskaları və tam kimyəvi mühafizə vasitələri ilə təchiz olunublar.

Pentaqonun mətbuat katibi Şon Parnell binanın daxili sistemlərinin havanın keyfiyyəti ilə bağlı problem aşkar etdiyini təsdiqləyib. Onun sözlərinə görə, ehtiyat tədbirləri çərçivəsində müxtəlif qurumların əməkdaşları hadisə yerində fəaliyyət göstərir.

“Pentaqonun daxili həyətində müxtəlif qurumların əməkdaşlarının işini və görülən ehtiyat tədbirlərini müşahidə etmək mümkündür”, – deyə Parnell bildirib.

O qeyd edib ki, hadisəyə operativ reaksiya qrupları cəlb olunub və binada olan şəxslərə dəstək göstərməyə hazırdır.

Hazırda insidentin səbəbləri araşdırılır. İlkin məlumata görə, yoxlama və təhlükəsizlik tədbirlərinin tamamlanması bir-iki saat çəkə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: