ChatGPT Image Jun 9 2026 01 47 23 PM

1993-cü ildə Çorumun Osmancık bölgəsində yaşayan gənc cütlük televizorda Xocalı soyqırımından bəhs edən bir animasiya izləyir. Animasiyada ermənilər helikopterdən içində bomba olan bir oyuncaq atır, Aybükə adlı azərbaycanlı balaca qız oyuncağı götürür və nəticədə həlak olur. Cütlük bundan çox təsirlənir. Bir il sonra qızları dünyaya gəlir və adını Aybükə qoyurlar. Adının əvvəlinə nənəsinin Şənay adını da əlavə edirlər. Şənay Abyükə Yalçın böyüyür, təhsil alır, özünü inkişaf etdirir və müəllim olur. O, Batmanın Kozluk bölgəsində liseyə təyinat alır.

2017-ci ilin iyunun 9-da PKK terror təşkilatı Kozluk bələdiyyəsinin sədrinə sui-qəsd hazırlayır. İl sonu gəlir, Aybükə və digər müəllimlər uşaqlara rüblük qiymətləndirmə vərəqini təqdim edirlər, daha sonra o, rəfiqələri ilə bir maşına əyləşib yola düşür. Bu zaman bələdiyyə sədrini öldürmək üçün yolda taksidə gözləyən terrorist, sədrin içində olduğu avtomobilə atəş açır, maşın hücumdan yayına bilir, lakin o, atəş açmağa davam edir. Aybükənin olduğu avtomobil də təsadüfən həmin küçədən keçdiyi üçün atəşə məruz qalır, bir neçə güllə yarası alan gənc müəllim xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmur.

aybuke yalcin
Aybükə Yalçın

Aybükə “şəhid müəllim” adını alır. Adı küçəyə, liseylərə verilir, xatirəsinə yarışlar, tədbirlər təşkil olunur. Xatirəsi yüksək səviyyədə əziz tutulur, barəsində film çəkilir, sənədli filmlər hazırlanır. Hətta 2023-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Küpəli Dağ bölgəsində aşkarlanan bir neft quyusuna adı verilir. Bu gün anım günüdür.

PKK-nın şəhid etdiyi bir çox məsum və qəhrəman var, amma Aybükənin atasının ona bu adın necə verilməsi ilə bağlı danışdığı əhvalat, Xocalı detalı məni daha çox kədərləndirir. Bütün şəhidlərin ruhu şad olsun!

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: