1778445266 putin zelensky 900x675 1

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktub müharibənin gedişində həm siyasi, həm də diplomatik baxımdan diqqətçəkən hadisədir. Dörd ildən artıq davam edən müharibə təkcə iki ölkəyə deyil, həm də Avropa təhlükəsizlik sisteminə təsir göstərir. Belə bir şəraitdə liderlər səviyyəsində birbaşa görüş təklifinin səsləndirilməsi müharibənin həlli üçün diplomatik təşəbbüsdür”.

Bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib.

Siyasi şərhçi bildirib ki, məktubun əsas məzmununu müharibənin dayandırılması, danışıqlar prosesinə başlanılması və Ukraynanın məğlub olmaq istəməməsi təşkil edir:

“Zelenski vurğulayır ki, müharibə həm Ukrayna, həm də Rusiya üçün ağır iqtisadi, sosial və humanitar nəticələr doğurub. O, Rusiyada ictimai narazılığın artdığını, əhalinin qiymət artımından, sanksiyaların təsirlərindən və yeni səfərbərlik ehtimalından narahat olduğunu qeyd edir. Ukrayna prezidenti bu arqumentlərlə Rusiyanın da vəziyyətinin yaxşı olmadığını göstərməyə çalışır, bu yolla qarşı tərəf üçün də münaqişənin dayandırılmasının vacib olduğunu xatırladır.

Digər tərəfdən, Zelenskinin Rusiya ordusunun itkiləri ilə bağlı səsləndirdiyi rəqəmlər də informasiya müharibəsinin elementlərindən biri hesab oluna bilər. Müharibə dövründə tərəflər hərbi uğurlarını qabartmağa, rəqibin isə zəifliklərini nümayiş etdirməyə çalışırlar. Bu baxımdan məktub yalnız sülh çağırışı deyil, həm də siyasi və psixoloji mesajlar daşıyır.

Məktubun əsas məğzi liderlər səviyyəsində birbaşa görüş təklifidir. Zelenski hesab edir ki, əsas qərarlar yalnız dövlət başçıları tərəfindən verilə bilər. Tarix göstərir ki, uzunmüddətli və mürəkkəb münaqişələrin həllində liderlərin şəxsi təmasları mühüm rol oynayıb. Çox güman ki, Zelenski bu təklifi ilə özünün legitim prezident olduğunu da qarşı tərəfə qəbul etdirmək istəyir. Çünki Putin dəfələrlə bəyan edib ki, Zelenski legitim hakimiyyətə malik deyil”.

mutellim rehimov e1746520125131 900x725 1
Mütəllim Rəhimli

Siyasi şərhçi bildirib ki, Ukrayna prezidentinin ABŞ və Avropa ölkələrinin sülh prosesində iştirakını vacib hesab etməsi də təsadüfi deyil:

“Çünki rəsmi Kiyev beynəlxalq təhlükəsizlik zəmanətini razılaşmanın əsas elementi hesab edir. Rusiya isə adətən ikitərəfli danışıqlara üstünlük verir. Bu fərqli yanaşmalar sülh danışıqlarında əsas maneələrdən biri olaraq qalır.

Zelenskinin açıq məktubu siyasi mesaj xarakteri də daşıyır. Bu addım Ukraynanın müharibənin uzadılmasında maraqlı olmadığını nümayiş etdirməyə yönəlib.

Bəzən beynəlxalq münasibətlərdə bu cür taktiki addımlardan prosesdə dönüş yaratmaq üçün istifadə edilir. Yəni qarşı tərəfə imkan yaradılır ki, addım atsın. Zelenskinin açıq məktubu da bu məqsədə xidmət edə bilər. Bu ehtimalın həqiqət payını yaxın günlərdə görəcəyik.

Volodimir Zelenskinin məktubu yaxın perspektivdə sülhə gətirib çıxarmasa da, gələcək danışıqlar üçün siyasi zəmin formalaşdıran mühüm addım kimi qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: