Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio TRIPP (“Tramp yolu”) layihəsi ilə bağlı Ermənistan–ABŞ çərçivə sazişini onlayn formatda imzalayıblar.
Sazişin detalları barədə geniş açıqlama verilməsə də, tərəflər sənədin iki ölkə arasında əməkdaşlıq çərçivəsini müəyyənləşdirdiyini qeyd ediblər.
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, görünür, baş nazir Nikol Paşinyan seçkilərdə qalib gələcəyinə əmindir:
“Hətta belə başa düşürəm ki, o, konstitusion çoxluq əldə edəcəyi qənaətindədir. Ona görə də belə bir saziş imzalanır. Əslində, bu, bir başlanğıcdır. Paşinyan qələbə qazandıqdan sonra Qərbə daha da yaxınlaşacaq və hələ bu cür sazişləri çox görəcəyik.

Vaqif Hüseyn
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Bu dövlətüstü qurumun Ermənistana nə qədər fayda gətirdiyinə dair müxtəlif görüşlər var. Əgər doğrudan da Paşinyan seçkidə qalib gəlsə, Aİİ-dən çıxmaqla bağlı da bir seçim edilməsi vacib olacaq. Ona görə də Rusiya rəsmiləri tez-tez Ermənistanı xəbərdar edirlər ki, bu ölkə Ukraynanın taleyini yaşaya bilər.
Maraqlı bir proses müşahidə olunur. Hər halda seçkiləri gözləmək lazımdır. Paşinyan qələbə qazanarsa, fərqli proseslərin şahidi ola bilərik”.
Turan Rzayev
Globalinfo.az