“Ermənistanda 7 iyun tarixində keçiriləcək seçkilər növbəti siyasi kampaniya olmaqdan daha çox, ölkənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi sınaq kimi qiymətləndirilə bilər. Çünki bu seçkilər yalnız hakimiyyətin kim tərəfindən formalaşdırılacağının müəyyən edilməsi prosesi deyil”.
Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.
Politoloq bildirib ki, Ermənistan cəmiyyəti iki fərqli siyasi yanaşma arasında seçim edəcək:
“Belə ki, bir tərəfdə regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul edərək dövlət maraqlarını praqmatik əsaslarla təmin etməyə çalışan qüvvələr, digər tərəfdə isə keçmişin məğlub olmuş ideyalarını yenidən gündəmə gətirməyə çalışan revanşist dairələr dayanır. Son illərdə baş verən hadisələr isə Ermənistan dövlətçiliyinin qarşısında dayanan problemləri bütün çılpaqlığı ilə üzə çıxardı. Uzun illər ərzində ölkənin siyasi düşüncəsinə hakim olmuş ekspansionist yanaşmalar və “böyük Ermənistan” ideologiyası nə təhlükəsizlik təmin edə bildi, nə iqtisadi rifah yaratdı, nə də Ermənistanı regionun təsirli dövlətlərindən birinə çevirdi. Əksinə, işğalçılıq siyasəti Ermənistanı regional layihələrdən kənarda qoydu, iqtisadi imkanlarını məhdudlaşdırdı, xarici asılılığını artırdı və nəticədə ölkə ciddi sosial-demoqrafik problemlərdən ibarət bataqlığa qərq olub.
Məlum olduğu kimi 2020-ci ildə baş vermiş 44-günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini tam təmin etməsi ilə Cənubi Qafqazda yeni siyasi nizam formalaşıb. Bugün artıq həm beynəlxalq ictimaiyyət, həm də regional aktorlar Azərbaycanın yaratdığı yeni reallıqların dəyişməz olduğunu qəbul edib. Məhz ona görə də Ermənistan daxilində revanşizm üzərində qurulan siyasi ritorika əvvəlki dövrlərlə müqayisədə daha zəif rezonans doğurur. Çünki cəmiyyətin əhəmiyyətli hissəsi anlayır ki, emosional şüarlar və keçmişə yönəlik iddialar ölkənin qarşısında dayanan real problemləri həll etmir”.
Politoloq qeyd edib ki, bu gün Ermənistan vətəndaşını daha çox narahat edən məsələlər iqtisadi artımın davamlılığı, iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsi, təhlükəsizlik risklərinin azaldılması və ölkədən kütləvi miqrasiyanın qarşısının alınmasıdır:
“Son illərdə Ermənistanın qarşılaşdığı demoqrafik problemlər, əmək qabiliyyətli əhalinin ölkəni tərk etməsi və xarici investisiyaların məhdudluğu siyasi gündəliyin prioritetlərini dəyişib. Belə bir şəraitdə seçicilərin əhəmiyyətli hissəsi üçün əsas meyar keçmişin ritorikası deyil, gələcəyin perspektividir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, seçkilərdən sonrakı siyasi mənzərəni qiymətləndirərkən revanşist qüvvələrin genişmiqyaslı xalq hərəkatı formalaşdırmaq imkanlarının məhdud olduğu aydın şəkildə görünür. Şübhəsiz ki, seçkilərin nəticələri onların gözləntilərinə uyğun olmayacağı təqdirdə müxtəlif etiraz aksiyalarının təşkili mümkündür”.

Aytən Qurbanova
Politoloq deyib ki, Ermənistan siyasi tarixində küçə siyasəti və seçki sonrası etirazlar yeni yanaşma deyil:
“Lakin mövcud vəziyyət əvvəlki dövrlərdən əhəmiyyətli dərəcədə fərqlənir. İlk növbədə onu qeyd etmək lazımdır ki, revanşist düşərgənin vahid lideri, aydın proqramı və cəmiyyəti səfərbər edə biləcək yeni ideoloji platforması yoxdur. Onların əsas siyasi arqumenti keçmişə qayıdış çağırışlarından ibarətdir ki, bu da geniş ictimai dəstək qazanmaq üçün kifayət etmir. Digər tərəfdən isə Ermənistan cəmiyyəti son illərdə ard-arda yaşanan siyasi böhranlardan, daxili qarşıdurmalardan və qeyri-müəyyənlikdən ciddi şəkildə yorulub. İnsanlar yaxşı anlayırlar ki, yeni siyasi xaos ölkənin onsuz da mürəkkəb olan sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. Eləcə də, Ermənistanın beynəlxalq tərəfdaşları da ölkədə sabitliyin qorunmasına üstünlük verirlər.
Qərb institutları, eləcə də regionda maraqları olan digər güc mərkəzləri üçün əsas məqsəd Ermənistanın növbəti daxili siyasi qarşıdurma mərhələsinə daxil olmasının qarşısını almaqdır. Bu amil də radikal qüvvələrin genişmiqyaslı siyasi səfərbərlik imkanlarını məhdudlaşdıran faktorlardan biridir. Mövcud siyasi tendensiyalar göstərir ki, seçkilərdən sonrakı ilk günlərdə İrəvanda daha çox hakimiyyət tərəfdarlarının qələbə ovqatı müşahidə oluna bilər. Revanşist dairələrin etiraz cəhdləri isə böyük ehtimalla məhdud miqyaslı və qısamüddətli xarakter daşıyacaq. Çünki Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi artıq emosiyalarla deyil, reallıqlarla hesablaşmağa başlayıb.
Regionda yaranmış yeni geosiyasi şəraitin dəyişdirilməsi mümkün deyil və bu həqiqət Ermənistan daxilində də getdikcə daha çox qəbul edilir. Nəticə etibarilə, 7 iyun seçkilərindən sonra İrəvanda qələbə mitinqinin keçirilməsi ehtimalı revanşist qüvvələrin ölkə miqyasında geniş xalq hərəkatı yaratması ehtimalından daha yüksək görünür. Bugün Ermənistan üçün əsas məsələ keçmişin uğursuz siyasi ssenarilərinə qayıtmaq deyil, dəyişmiş regional reallıqlar fonunda öz dövlətçilik modelini yaratmaqdır. Məhz bu seçim ölkənin gələcək siyasi sabitliyini, iqtisadi inkişafını və regiondakı yerini müəyyən edəcək əsas amil olaraq qalır”.
Turan Rzayev
Globalinfo.az