“Ermənistanda seçkiqabağı kampaniya çox fəal keçir. Bu həftə artıq sonuncu həftədir. İri şəhərlərdə kütləvi aksiyalar keçirilir. Ötən gün Gümrü şəhərində müxalifətin əsas namizədi Samvel Karapetyanın kifayət qədər böyük mitinqinin şahidi olduq. Əsas siyasi qüvvələr paytaxta kütləvi aksiyalara hazırlıq həyata keçirib. Siyasi baxımdan nə deyilməlidirsə, namizədlər artıq bildiriblər”.
Bu sözləri Globalinfo.az-a Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Ermənistanda parlament seçkiləri öncəsi son vəziyyəti şərh edərkən deyib.
Politoloq qeyd edib ki, çox şey 7 iyunda baş tutacaq seçki günündən asılı olacaq:
“Siyasi partiyaların seçki təşkilatçılığı qabiliyyəti əsas rol oynayacaq. Onlara səs verən kütləni seçkilərə cəlb etmək əsas məsələdir. Müxalifət qüvvələrinə ciddi dəstəyi Moskva verir. Rusiya Prezidenti Vladimir Putin və yüksək səviyyəli məmurların səsləndirdiyi fikirlər erməni cəmiyyətini qorxudur. Digər tərəfdən isə bu vəziyyət Rusiyapərəst qüvvələrin əsas təbliğat tezisinə çevrilib. Eyni zamanda Rusiyadan Ermənistana kütləvi şəkildə pul axını var, orada işləyən ermənilər də ölkəyə qayıdır. Həmin şəxslər Ermənistanın Rusiyapərəst müxalifətinə səs verəcəklər. Ermənistan hökuməti regionlarda cinayət işləri açıb. Hər gün seçki korrupsiyası ilə bağlı cinayətlərin şahidi oluruq.

Fərhad Məmmədov
Düşünürəm ki, baş nazir Nikol Paşinyan yüksək faiz toplayacaq. Seçki günü və sonrakı iki gün çox kritik ola bilər. Rusiyapərəst müxalifət artıq indidən aksiyalara hazırlaşır. Bu etiraz aksiyalarının nəyə gətirib çıxaracağı əvvəlcədən proqnozlaşdırılan deyil.
Paşinyana isə Qərb və ABŞ dəstək olur. Bunu ABŞ Prezidenti Donald Trampın tvitində də gördük. ABŞ rəsmilərinin və nümayəndələrinin seçkiqabağı səfərləri xüsusi missiya daşıyır. Əks-təbliğat, kəşfiyyat materiallarının işıq üzü görməsi Qərbin Paşinyana olan dəstəyidir. Baş nazir də öz növbəsində kontingentini təşkil etməlidir ki, seçkilərdə birmənalı qalib gəlsin.
Hökumət strukturları və hüquq-mühafizə orqanlarının necə mövqe sərgiləyəcəyi də vacibdir. Bundan çox şey asılı olacaq”.
Turan Rzayev
Globalinfo.az