ABŞ ordusu İranın cənubunda mina yerləşdirməyə çalışan qayıqlar və raket buraxılış məntəqələri də daxil olmaqla müxtəlif hədəflərə qarşı əməliyyatlar həyata keçirib.
Maraqlıdır ki, digər tərəfdən ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı uzun mesajda İranla danışıqların yaxşı getdiyini yazıb, lakin uğursuzluq olacağı təqdirdə yeni hücumlarla hədələyib.
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, danışıqlar nəticəsində hər iki tərəfi razı salacaq nəticənin əldə olunması mümkün deyil:
“İran tərəfi nəyin bahasına olursa-olsun nüvə silahından imtina etməyəcək. ABŞ-ın əsas məqsədi isə İranın nüvə silahı hazırlamaq imkanlarını məhv etməkdir. Düşünürəm ki, danışıqlar nəticə verməyəcək. Yəni hərbi əməliyyatlar yenidən başlayacaq.

Murad Sadəddinov
Mayın 26-sı gecə baş verənlər də bunun elementidir. ABŞ istənilən nəticənin əldə edilməyəcəyini bildiyi üçün bəzi lokal preventiv tədbirlər görür. Bunu təzyiq elementi kimi qiymətləndirmək olar. O ki qaldı Trampın danışıqlarla bağlı dediklərinə, fikrimcə, bunların müəyyən məqsədləri var. Trampın niyyəti həqiqəti dünya ictimaiyyətinə demək deyil. O, birjalara oynayır və neft başda olmaqla digər məhsulların qiymətlərinə təsir edir. Məsələn, onun son açıqlaması fonunda “Brent” markalı neftin qiyməti 105 dollardan 95 dollara enib.
Hesab edirəm ki, proseslər hərbi əməliyyatların davam etməsinə gətirib çıxaracaq. ABŞ nəinki regiondakı kontingentini azaltmayıb, əksinə artırıb. Demək olar ki, növbəti fazaya hazırlaşır”.
Turan Rzayev
Globalinfo.az