Azərbaycanda orta aylıq əməkhaqqı məbləği 1151 manata çatıb.
Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıb:
“Həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir. Orta aylıq əmək haqqı məbləğində diqqətçəkən məqamlardan biri sektorlar üzrə fərqdir. Belə ki, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Bu sektorda çalışanların orta aylıq əmək haqqı məbləği 4581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə orta aylıq əmək haqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda orta aylıq əmək haqqı 2814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardrır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə orta aylıq maaş məbləği ilə müqayisədə daha çox əməkhaqqı təklif edilir”.
Millət vəkili bildirib ki, iqtisadiyyatın 10 sektorunda çalışanların orta aylıq əməkhaqqı məbləğləri isə ölkə üzrə göstəricidən aşağıdır:
“Ən aşağı orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb: 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların orta aylıq maaşları da aqrar sektorda çalışanların əmək haqqlarına yaxındır: 768 manat. Orta aylıq əməkhaqqı məbləği təhsildə 824, elm sənayesində isə 1048 manatdır. Orta aylıq əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımdan vacibdir. Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır”.
Günel Cəlil
Globalinfo.az