S%C9%99kil 22


“Mədəni abidələrin təhqir edilməsi çox qınanılacaq bir fəaliyyətdir. Son zamanlar digər münaqişələrdə də belə nümunələr görürük və insanlar bunu ümumiyyətlə iyrənc hesab edirlər”.

Bunu irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus tarixi-dini abidələrin dağıdılması barədə Globalinfo.az-a açıqlamasında deyib.

O, bildirib ki, bəzi simvolizmlərin antaqonist ola biləcəyinə baxmayaraq, tarixin qorunması vacibdir:

patrik uolsh

Patrik Uolş

“Yalnız işğala aid təhqiramiz simvollar sökülməlidir, əvvəlki xalqların mövcudluğunu sübut edən mədəni abidələr və artefaktlar isə yox. Təəssüf ki, ermənilər xalqların varlığını özlərinin tarixlə bağlı təhrif olunmuş baxışlarına təhdid kimi görürlər. Bu, öz narrativlərinə qarşı inamsızlığın sübutudur”.

İsrailli tarixçi və politoloq Avraham Şmuleviç isə bildirib ki, Cənubi Qafqazda tarixi və dini abidələrin dağıdılması müharibə zamanı dəymiş əlavə ziyan kimi qəbul edilə bilməz:

“Torpaq, yaddaş və mövcudluq hüququnun sıx bağlı olduğu bir bölgədə məscidin, qəbiristanlığın, məzar daşının və ya monastırın dağıdılması siyasi akta çevrilir. Bu, sadəcə daşa vurulan zərbə deyil. Bu, insanların burada yaşadığı, dua etdiyi, ölülərini basdırdığı, şəhərlər tikdiyi və mədəniyyət qoyduğuna aid sübutlara zərbədir.

Buna görə də Ermənistanda və onilliklər boyu Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərində Azərbaycan mədəni irsi məsələsi texniki restavrasiya məsələsi səviyyəsinə endirilə bilməz. Söhbət evlərindən qovulmuş yüz minlərlə insanın xatirəsindən və onların varlığını təkcə xəritədən deyil, həm də tarixdən silmək cəhdindən gedir”.

Şmuleviç qeyd edib ki, Azərbaycan Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər və digər rayonlara nəzarəti bərpa etdikdən sonra dağıntıların miqyası üzə çıxdı:

“Vaxtilə canlı şəhər olan Ağdamda bir çox binalar sökülüb, talan edilib və ya xarabalığa çevrilib. Şəhərin simvollarından biri olan Ağdamın Cümə məscidi uzun müddət xaraba vəziyyətdə qalıb. Jurnalist Coşua Kuçera məscidin içində mal-qara izləri, yerdə peyin və divarlarda erməni qraffitilərinin olduğunu təsvir edib. Bu məscid Qarabağda Azərbaycan irsinin məhv edilməsinin ən məşhur simvollarından birinə çevrilmişdir.

Bu problemin eyni dərəcədə ciddi tərəfi qəbiristanlıqlarla bağlıdır. Qəbiristanlıq sadəcə bir ərazi deyil. O, sürgün edilmiş şəxslə onun torpağı arasında sonuncu bağdır. Məzar daşları sındırıldıqda, qəbirlər açıldıqda, ərəb, türk və ya Azərbaycan epiqrafikası olan daşlar yox olduqda, təkcə bir ailəyə aid yaddaş məhv olmur. Bir xalqın tarixi arxivi də məhv edilir. Azərbaycan mənbələrinə görə, Ermənistanın nəzarəti altında olan ərazilərdə məzarların açılması, əsərlərin oğurlanması və müsəlman qəbiristanlıqlarının dağıdılması halları qeydə alınıb.

Dini məkanların kommersiya məkanlarına çevrilməsi xüsusilə ağrılıdır. Müsəlman icması üçün məscidin heyvanların, xüsusən də donuzların saxlanma yeri kimi istifadəsi sadəcə laqeydlik kimi deyil, qəsdən edilmiş dini təhqir olaraq qəbul edilir. Hər bir konkret hal üçün ayrıca dəlil tələb olunsa belə, Qarabağda məscidlərin sənədləşdirilmiş təhqir edilməsi faktı onu deməyə əsas verir ki, burada söhbət təkcə dağıntıdan deyil, həm də simvolik zorakılıqdan gedir”.

Tarixçi ekspert indiki Ermənistan ərazisindəki Azərbaycan irsi barədə qeyd edib ki, bir vaxtlar müsəlman və türkdilli şəhər əhalisinin çox olduğu İrəvanda bu gün demək olar ki, bu tarixi xatırladan heç nə qalmayıb:

Azərbaycan tərəfi iddia edir ki, Dəmirbulaq məscidi dağıdılıb, Göy məscid isə onu yalnız “fars” abidəsi kimi göstərmək bahasına qorunub saxlanılıb. Bu, vacib məqamdır. Abidənin tamamilə dağıdılması və onun kimliyinin dəyişdirilməsi fərqli hərəkətlərdir, lakin hər ikisi eyni nəticəyə gətirib çıxarır: Azərbaycan tarixi yaddaşının ictimai həyatdan kənarlaşdırılması.

Qarabağın xristian abidələri ilə bağlı vəziyyət daha mürəkkəbdir. Azərbaycan tərəfi bu kilsələrin bəzilərini Qafqaz Albaniyasının irsi ilə əlaqələndirir və hesab edir ki, sonrakı erməni ənənəsi daha qədim olanını mənimsəyib və ya yenidən formalaşdırıb. Ermənistan tərəfi isə əksinə, bu monastırları Ermənistan xristian irsinin ayrılmaz hissəsi kimi görür. Buna görə də, burada xüsusilə siyasi şüar deyil, beynəlxalq elmi araşdırma lazımdır: epiqrafiya, memarlıq tarixi, arxivlər, arxeologiya və mənbələrin müqayisəli tədqiqi. Belə bir araşdırma olmadan Ağoğlan, Amaras, Qandzasar, Xudavəng monastırları və digər yerlərlə bağlı mübahisə siyasi müharibənin bir hissəsi olaraq qalacaq”.

avraham smulevic e1754894431444

Avraham Şmuleviç

A.Şmuleviç əsas məqam kimi mədəni irsin döyüş meydanına çevrildiyini vurğulayıb:

Müharibə təkcə yaşayış məntəqələri, yollar və yüksəkliklər uğrunda aparılmayıb. Müharibə “biz heç vaxt burada olmamışıq” və ya “onlar heç vaxt burada olmayıblar” demək imkanı uğrunda aparılıb. Bu məntiq hər kəs üçün təhlükəlidir. Bu gün Azərbaycan irsinə, sabah erməni irsinə, o birisi gün isə siyasi müdafiəsiz qalan istənilən azlığa qarşı yönəlib.

Buna görə də düzgün mövqe universal olmalıdır. Cənubi Qafqazın bütün məscidləri, qəbiristanlıqları, məqbərələri, kilsələri, monastırları, karvansaralar və tarixi məhəllələri beynəlxalq monitorinq altına alınmalıdır. 2020-ci ildə UNESCO hər iki tərəfə 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq mədəni mülkiyyətin qorunmasının vacibliyini xatırlatdı. Konvensiyada hər hansı bir xalqın mədəni irsinə dəyən ziyanın bütövlükdə bəşəriyyətə dəyən ziyan olduğu bildirilir. (2015-ci ilin dekabrında Azərbaycan UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilib -red)

Azərbaycanın öz irsinin məhv edilməsi barədə danışmağа tam hüququ var. Üstəlik, bunu etməyə borcludur. Lakin bu mövqenin gücü yalnız emosional ittihamlara deyil, həm də dəqiq sənədlərə: əvvəl və sonra fotoşəkillərinə, peyk görüntülərinə, arxiv planlarına, yerli sakinlərin ifadələrinə, bərpaçıların məlumatlarına və müstəqil ekspert rəylərinə əsaslanarsa daha böyük olacaq”.

O qeyd edib ki, abidələri sadəcə bəyanatlarla yenidən həyata qaytarmaq olmaz:

“Lakin onların adı bərpa edilə bilər. Tarixdəki yeri bərpa edilə bilər. Dağıdılmış məscid, xarabalığa çevrilmiş qəbiristanlıq və oğurlanmış məzar daşı “keçmiş münaqişə” deyil, tarixi yaddaşa qarşı davam edən cinayət olaraq qəbul edilə bilər. Əsl restavrasiya buradan başlayır: təkcə divarların bərpası deyil, həm də həqiqətin bərpası”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: