qerbi kaspi 232

Keçmiş ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırovun təsis etdiyi Qərbi Kaspi Universiteti ilə bağlı yayılan məlumat geniş rezonans doğurub. Belə ki, universitetdə dövlət sifarişi əsasında təhsil alan tələbələrdən ödəniş tələb edildiyi iddia olunur. Universitetin məsələ ilə bağlı yaydığı açıqlama isə əlavə suallar yaradıb.

Sitat:

“2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olmuşdur ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz”.

Maliyyə problemləri səbəbindən dövlət hesabına təhsil alan tələbələrdən ödəniş tələb olunması nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Qərbi Kaspi Universiteti ətrafında yaranmış vəziyyət həm hüquqi, həm maliyyə menecmenti, həm də təhsil etikası baxımından ciddi presedentdir.

Onun sözlərinə görə, məsələyə peşəkar yanaşma baxımından üç müstəvidə təhlil etmək lazımdır:

“Birincisi, hüquqi müstəvidir. Gəlin baxaq, dövlət sifarişi nə deməkdir? Qanunvericiliyə görə, dövlət sifarişi əsasında təhsil alan tələbə ilə dövlət arasında birbaşa öhdəlik mövcuddur. Dövlət bu halda tələbənin təhsil haqqını universitetin hesabına köçürməyi öz üzərinə götürür. Tələbənin isə burada hüquqi statusu var. O, universiteti deyil, dövlətin elan etdiyi yerləri seçir. Bu baxımdan tələbənin universitet qarşısında maliyyə öhdəliyi yoxdur və ola da bilməz. Açıqlamada qeyd olunan vəsaitin büdcəyə geri qaytarılması prosesi isə daxili mühasibatlıq və ya xəzinədarlıq əməliyyatlarında yaranmış gecikmənin nəticəsidir. Söhbət 2025-ci büdcə ilindən gedir və büdcə ili başa çatdıqda istifadə olunmayan vəsaitin geri qaytarılması normal prosedurdur. Lakin bu, universitetin idarəetmə səhvidir və tələbənin məsuliyyəti deyil. Bu səhvin bədəlini tələbə ödəməməlidir”.

İ.Orucov bildirib ki, məsələni həm də maliyyə və idarəetmə müstəvisində qiymətləndirmək lazımdır:

“Universitetin bəyanatında yer alan “vəsaitin silinməsini əsaslandırmaq mümkün deyil” ifadəsi peşəkar maliyyə idarəçiliyi baxımından kifayət qədər zəif və əsaslandırılmamış arqumentdir. Universitet bu vəsaiti tələbədən deyil, müvafiq dövlət qurumlarından, məsələn, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyindən tələb etməlidir. Əgər sənədləşmə düzgün aparılıbsa, bu məsələni dövlət həll edə, yeni büdcə ayıra bilər. Tələbənin isə bu prosesdə “girov” vəziyyətinə salınması, onun zəif tərəf kimi cəzalandırılması yolverilməzdir”.

WhatsApp Image 2026 04 02 at 11.40.00

İlqar Orucov

Ekspert hesab edir ki, tələbələrə təzyiq göstərilməsi, onların imtahanlara buraxılmaması və ya üzərlərinə borc yazılması hüquqi pozuntu və inzibati özbaşınalıqdır:

Universitet özəl olsa da, dövlət sifarişini qəbul etdiyi andan etibarən dövlətin müəyyən etdiyi qaydalara tabe olmağı öhdəsinə götürür. Bu o deməkdir ki, fəaliyyətini ölkənin qanunvericiliyi çərçivəsində qurmalıdır. Özəl qurum olmaq heç də istənilən qərarı sərbəst qəbul etmək demək deyil. Qərarlar qanunlara və təhsil etikasına uyğun olmalıdır. Hüseyn Bağırov elm adamıdır, professordur, keçmiş nazirdir və kifayət qədər tanınmış simadır. Onun təsisçisi olduğu, müəyyən tarixə malik universitetin belə texniki səbəblərə görə tələbələrlə qarşı-qarşıya gəlməsi ciddi reputasiya riski yaradır”.

Mütəxəssis əlavə edib ki, sivil cəmiyyətlərdə bu cür addımlar universitetə etimadı sarsıdacaq:

“Belə hallarda gələcək abituriyentlər dövlət sifarişli yerləri seçərkən həmin universiteti riskli hesab edə bilərlər. Əgər universitet tələbə cəlb edə bilmirsə, bu, onun fəaliyyətinə birbaşa təsir göstərir. Hətta uzunmüddətli perspektivdə bu cür hallar universitetin fəaliyyətinin zəifləməsi, maliyyə çətinlikləri və iflas riski ilə nəticələnə bilər. Üstəlik, tələbə başına təxminən 375 manat kimi məbləğin tələb olunması ictimaiyyətdə belə bir sual yaradır ki, universitetin maliyyə vəziyyəti doğrudanmı bu qədər ağırdır ki, tələbənin cibinə əl uzadılır? Bu isə əlavə reputasiya zərbəsi deməkdir”.

İ.Orucovun fikrincə, universitetin bu addımı hüquqi əsası olmayan bir tələbdir:

“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məsələyə müdaxiləsi göstərir ki, dövlət bu məsələdə tələbənin tərəfindədir və bu, doğru yanaşmadır. Böyük ehtimalla universitet rəhbərliyi geri addım atacaq və bu borclar ləğv olunacaq. Əks halda, universitetin lisenziya şərtlərinin pozulması və ya dövlət sifarişli yerlərin azaldılması kimi sanksiyalar gündəmə gələ bilər. Universitet bu riskləri düzgün qiymətləndirməlidir. Hesab edirəm ki, yanlış addım atılan tələbələrdən etik qaydalara uyğun olaraq üzr istənilməlidir. Çünki baş verənlər tələbənin fikrinin təhsildən yayınması, ona təzyiq anlamına gəlir. Bu, universitetin nüfuzuna zərər vurmaz, əksinə, onun akademik etika və məsuliyyət prinsiplərinə sadiqliyini göstərər. Ümid edirəm ki, gələcəkdə bu kimi hallara yol verilməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: