Iqbal tural serdar

Azərbaycanın Qarabağ erməniləri ilə təmas qurması hazırda cəmiyyətdə əsas müzakirə mövzusudur. Bu proses sülh sazişinin bağlanmasına ümidləri artırır.

Maraqlıdır, bəs müxalifət nümayəndələri proseslə bağlı nə düşünürlər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, dövlətin bu məsələdə rəsmi mövqeyi əvvəldən bəllidir:

“Biz həmin ərazidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarından imtina etməmişik. Onlar Azərbaycan Respublikasının qanunlarına tabe olub, ərazi bütövlüyünü, suverenliyini qəbul edəcəklərsə, ölkəmizdə qalmalarında heç bir problem yoxdur. Bu şərtlər daxilində digər etnik xalqlar kimi onların da yaşamaq hüququ var.

Azərbaycanın Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli insanlarla birbaşa təmasları olmalı idi. Sadəcə, bu insanların adından Vardanyan və bu qəbildən olan bəzi insanların danışması prosesi uzadırdı.

İndiki məqamda qurulan təmaslarda heç bir neqativ hal yoxdur. Xüsusilə Azərbaycan hansısa təşkilat, ya da qondarma qurumla deyil, erməni icması ilə təmaslar qurur. Müqayisə üçün deyim ki, bu təmaslar rus ya da yəhudi icması ilə qurulan təmaslar kimi qiymətləndirilə bilər.

Hesab edirəm, bu, çox təbii və normal bir haldır. Azərbaycan erməni əsilli vətəndaşları ilə təmaslar quraraq mövcud problemləri həll edir, onları narahat edən məqamları müzakirə edir“.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, erməni təmsilçilər ilə keçirilən görüşü çox uğurlu hesab edir:

“Düzdür, hazırda cəmiyyətdə, siyasi institutlarda proseslə bağlı irad səsləndirənlər var idi. Əsas arqumentləri də budur ki, görüş zamanı masada rus bayraqları var idi və rus sülhməramlıları görüşdə iştirak edib. Hesab edirəm, bu görüş başlanğıcdır. Hətta başlanğıc üçün görüşü çox yaxşı hesab edirəm. İndiki məqamda bu tipli görüşləri, təmasları davamlı etmək lazımdır.

Erməni tərəfi də anlamalıdır və qəbul etməlidir ki, onların danışa biləcəyi tək tərəf Azərbaycan hökuməti və onun təyin etdiyi səlahiyyətli nümayəndələrdir. Azərbaycan ərazisində yaşayan ermənilər köməyi nə Qərb ölkələrindən, nə də Ermənistandan gözləməməlidrlər. Azərbaycanla dil tapıb, Azərbaycan vətəndaşı kimi burada yaşamalıdırlar. Əks təqdirdə, köçüb getməlidirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, erməni nümayəndələr ilə keçirilən görüş ümumi işin xeyrinədir:

“Sevindirici haldır ki, Bakı Xankəndidəki “rəhbərlik” ilə deyil, erməni nümayəndələr ilə görüşür. Ümumi mənada xalq diplomatiyasını inkişaf etdirməli, ermənilərin inteqrasiyasını gerçəkləşdirməliyik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: