gallery news 202603060818140 10

ABŞ–İran gərginliyi fonunda Yaxın Şərqin ən strateji nöqtələrindən biri olan Hörmüz boğazının bağlanması təhlükəsi yaranıb. ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını minalaması iddialarına münasibət bildirib. O, bu ehtimalın real olduğunu düşünmədiyini, əks təqdirdə, qlobal iqtisadiyyat üçün son dərəcə ağır nəticələr doğura biləcəyini söyləyib.

Ekspertlər hesab edirlər ki, dünya neft tədarükünün böyük hissəsinin keçdiyi bu strateji su yolunda hərbi eskalasiya təkcə region üçün deyil, bütövlükdə beynəlxalq enerji bazarı üçün ciddi risklər yarada bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, dünya neftinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır:

“İranın körfəzi bağlaması və üstəlik onu minalaması ilk növbədə enerji tədarükünü iflic edəcək. Digər tərəfdən, körfəzin minalanması neft qiymətlərinin təxminən 100 faizə qədər artması deməkdir. Belə bir vəziyyətdə dünya miqyasında enerji və digər sahələrdə ciddi böhranın yaranması mümkündür.

eziz elibeyli esas
Əziz Əlibəyli

Hörmüz boğazının bəzi yerlərində en təxminən 33 kilometrdir. Müasir tanker gəmilərinin ölçülərini nəzərə alsaq, ərazinin minalanması onların təhlükəsiz keçidinə ciddi problem yarada bilər. ABŞ tərəfi bu cəhdlərin bir çoxunun qarşısını alıb, hətta mina yerləşdirən bəzi qayıqları da batırıb. Lakin İran bu prosesi davam etdirməkdə israrlı görünür.

Hesab edirəm ki, hazırkı vəziyyətdən ən çox Avropa İttifaqı, Çin və Hindistan zərər görə bilər. Çünki adı çəkilən güclərin ciddi enerji ehtiyacı var. Enerji bazarında qiymətlərin kəskin artması bu ölkələrin iqtisadiyyatına ciddi zərbə vurar. Eyni zamanda bu, ABŞ və onun müttəfiqləri üçün əlavə təzyiq yaradacaq. Belə bir vəziyyətdə ya müharibə genişlənər, ya da Vaşinqton geri çəkilmək məcburiyyətində qalar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: