Zengezur dehlizi u 900x506 1

Yaxın Şərqdə baş verən son hadisələr fonunda Azərbaycanın iqtisadi, diplomatik və siyasi çəkisi daha da artıb. Regional gərginlik ölkənin sabit və etibarlı tərəfdaş imicini gücləndirib və logistika mərkəzi kimi rolunu ön plana çıxarıb. Hazırda mövcud şəraitdə İran üzərindən həyata keçirilən bəzi beynəlxalq daşımaların alternativ marşrut kimi Azərbaycan ərazisindən yönləndirilməsi məsələsi müzakirə olunur.

Bu proses Azərbaycanın vasitəçiliyi ilə həyata keçirilə bilər? Buna dəhlizlərin – su, quru və dəmir yolu xətlərimizin gücü yetərmi?

Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib ki, Azərbaycan regional orta güc dövlətidir:

“Xüsusilə son illər Orta Dəhlizin genişləndirilməsi fonunda ölkə üzərindən daşınan yüklərin həcmində artım müşahidə olunur. Azərbaycan tərəfdaş kimi öhdəliklərinə sadiqdir. Bu baxımdan beynəlxalq şirkətlər və ölkələr onunla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyə maraq göstərirlər. Son hadisələr isə yüklərin növbəti mərhələdə daha da artacağını göstərir. Yeni regional düzən və Zəngəzur dəhlizinin istifadəyə verilməsi perspektivi Azərbaycan üzərindən daşımaların həcminə müsbət təsir göstərəcək. Gözlənilir ki, yüklərin daha böyük hissəsi ölkə ərazisindən keçəcək. Bu da öz növbəsində Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, beynəlxalq yükdaşımalar və digər istiqamətlər üzrə aparıcı ölkə və şirkətlərlə əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq”.

vuqar bayramov yeni

Vüqar Bayramov

Deputat qeyd edib ki, Azərbaycan regionda sülh və əməkdaşlıqda maraqlıdır:

“Azərbaycanın münaqişə ilə bağlı rəsmi açıqlamaları bir daha təsdiq edir ki, ölkəmiz bu cür problemlərin danışıqlar və sülh yolu ilə həllinin tərəfdarıdır. Regionda dayanıqlı sülhün təmin olunması rəsmi Bakının əsas prioritetlərindəndir. Bununla yanaşı, regional çağırışlar və geosiyasi risklər də qalır. Mövcud şəraitdə Azərbaycan həm təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq daşımalar sahəsində mövqeyini həyata keçirdiyi siyasət çərçivəsində daha da gücləndirir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, son geosiyasi hadisələr regionda alternativ marşrutlara marağı artırıb:

“Artıq Azərbaycan tranzit ölkə kimi daha çox diqqət çəkir – həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində yerləşdiyi üçün coğrafi üstünlüyə malikdir. Xəzər dənizi üzərindən su nəqliyyatı, müasir avtomobil magistralları və yenilənmiş dəmir yolu infrastrukturu Azərbaycanın logistika imkanlarını əvvəlki illərlə müqayisədə xeyli gücləndirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, xüsusilə Ələt limanı, artan yük axınını qəbul etmək üçün genişləndirilib və konteyner daşımalarında mühüm rol oynayır. Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə yüklər Türkiyə və Avropaya çıxarıla bilir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rusiya və İran istiqamətində dəmir yolu bağlantıları formalaşıb və mərhələli şəkildə genişləndirilir”.

akif nesirli

Akif Nəsirli

Ekspertin sözlərinə görə, İran üzərindən keçən bəzi beynəlxalq daşımaların alternativ olaraq Azərbaycan marşrutuna yönləndirilməsi texniki baxımdan mümkündür:

“Xüsusilə Orta Dəhliz adlandırılan marşrut Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropaya çıxış verir. Lakin bütün yüklərin qısa müddətdə tam şəkildə yönləndirilməsi üçün mövcud infrastrukturun daha da genişləndirilməsi, gömrük prosedurlarının sürətləndirilməsi və regional koordinasiyanın gücləndirilməsi vacibdir. Hazırkı imkanlar artan yük axınının müəyyən hissəsini qəbul etməyə yetərlidir və potensial genişlənmə davam edir. Uzunmüddətli perspektivdə isə investisiyalar və rəqəmsal logistika həlləri ilə Azərbaycanın tranzit gücü daha da artaraq alternativ dəhliz kimi rolunu gücləndirə bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: