“Cənubi Qafqazdakı hazırkı sülh konfiqurasiyası Azərbaycan Prezidentinin hərbi-siyasi yolla yaratdığı geosiyasi reallığın və dövlət başçımızın təşəbbüsləri üzərində qurulub. Ermənistan bu gün sülh istiqamətində müəyyən pozitiv addımlar atsa da, unutmamalıyıq ki, 5 il əvvələ qədər bu ölkənin rəhbərliyi “Qarabağ Ermənistandır, nöqtə” kimi radikal bəyanatlar və “yeni müharibə və yeni torpaqlar” məzmunlu konsepsiyalarla çıxış edirdi. Bu mənada, Cənubi Qafqaz kimi həssas bölgədə münasibətlərin hansı səviyyədə inkişafından asılı olmayaraq Azərbaycanın hərbi-siyasi güc və imkanları, o cümlədən şəxsən cənab İlham Əliyev amili dayanıqlı sülh üçün əsas zəmanətçi kimi çıxış edir”.
Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Xocalıya səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Prezidentin ötən gün Xocalı ictimaiyyəti ilə görüşdə sülhün təminatçısı kimi Azərbaycan dövlətinin gücünün və cari siyasi kursun önəmini qeyd etməsi bu çərçivədə izah olunmalıdır:
“Məlumdur ki, Azərbaycan və Ermənistan artıq aylardır de-fakto sülh şəraitində yaşayır. O cümlədən Azərbaycan ərazisindən tranzit məhdudiyyətinin götürülməsi və bir sıra məhsulların Ermənistana ixracı Bakı ilə İrəvan arasında dayanıqlı sülhə doğru mühüm bir mərhələnin qət edilməsindən xəbər verir. Lakin, təəssüflər olsun ki, Ermənistan ictimaiyyətində və erməni siyasi səhnəsində hələ də işğal dövrünün status-kvosunu arzulayan və bunu çəkinmədən dilə gətirən radikal kəsim mövcuddur, o cümlədən kilsə bu istiqamətdə erməni cəmiyyətində açıq təbliğat aparmaqdadır.

Bəhruz Məhərrəmov
Təbii ki, Azərbaycan əbədi düşmənçilik niyyətində deyil və cari sülh konfiqurasiyası da məhz dövlətimizin əməkdaşlıq mühitində daha maraqlı olmasını göstərməkdədir. Lakin, təəssüflər olsun ki, Ermənistanda revanşist kəsim kifayət qədər aktivdir və bu mənada, Azərbaycan cəmiyyəti proseslərə hərtərəfli baxmalı, ötən dövrün təcrübəsindən birmənalı şəkildə nəticə çıxarmalıdır. Ələlxüsus Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətlə Azərbaycan xalqının başına gətirilən bəlalar, xalqımıza və dövlətimizin maraq və mənafelərinə qarşı törədilən çoxsaylı cinayətlər qan yaddaşımıza həkk olunaraq məsələnin yeni düşmənçilik müstəvisinə keçməsinə yol vermədən yadda saxlanılmalıdır”.
Turan Rzayev
Globalinfo.az