ukrayna rusiya

Rusiya-Ukrayna müharibəsinin dördüncü ilinin tamam olması ərəfəsində Cenevrədə keçirilməsi planlaşdırılan danışıqlar beynəlxalq gündəmin diqqət mərkəzindədir.

Uzun müddət davam edən hərbi qarşıdurma, ağır itkilər və artan geosiyasi gərginlik fonunda tərəflərin yenidən diplomatik masaya qayıtması mümkün siyasi həll variantları ilə bağlı ümidləri artırıb.

Cenevrə danışıqları müharibənin taleyində real dönüş yarada biləcək? Ukrayna müharibəsinin 2026-ci ildə başa çatması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Rusiya–Ukrayna münaqişəsində olduqca ağrılı situasiya formalaşıb:

“Sülhün işartısı hələlik görünmür. Həm Moskva, həm də Kiyev öz istəklərindən geri çəkilmir. Burada əlbəttə ki, ABŞ Prezidenti Donald Trampın özünəməxsus rolu var. O, hər nə qədər tərəflər arasında sülhə nail olunacağını bildirsə də, görünür, təklifləri effektiv deyil. Burada həm Moskvanın, həm də Kiyevin tələbləri bir-biri ilə ziddiyyət təşkil edir.

Rusiya istəyir ki, Ukrayna qoşunlarını Donetskdən çəksin və atəşkəs imzalansın. Kiyev hökuməti isə tamamilə başqa mövqe sərgiləyir. Digər tərəfdən Qərbi Avropa ölkələrinin Rusiya ilə bağlı təhlükə obrazı formalaşdırdığını görürük. Onlar iddia edirlər ki, Moskvanın dağıdıcı planları var. Məsələn, Rusiyanın Kalininqrada hərbi yolla dəhliz açmağa çalışdığı barədə fikirlər səsləndirilir. Bu isə artıq müharibə deməkdir.

tofiq abbasov 900x600 1
Tofiq Abbasov

Almaniya kansleri Fridrix Merz kifayət qədər sərt və emosional çağırışlar səsləndirir, özünü radikal mövqedə təqdim edir. O bildirir ki, Rusiya Avropa İttifaqı (Aİ) üçün təhdiddir və bununla bağlı addımlar atılmalıdır. Belə olan təqdirdə, əlbəttə ki, sülhün əldə olunması çətinləşir. Ümumilikdə isə belə bir düşüncə var ki, Rusiya nə qədər uzun müddət müharibəni davam etdirsə, bir o qədər zəifləyəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: