ilham eliyev 00 900x549 1

Son dövrlərdə dövlət qurumlarında aparılan kadr və struktur islahatları diqqət mərkəzindədir. Yeni vəzifəyə təyin olunan gənc kadrların performansı və etimadı cəmiyyətin maraq dairəsindədir. Lakin bəzi hallarda gənclərin irəli çəkilməsi gözləntiləri tam qarşılamaya bilər ki, bu da islahatların effektivliyinə təsir göstərir. Belə bir vəziyyət kadr islahatlarının gedişatında müəyyən çətinliklər yaradır.

Yeni təyin olunan kadrların uğurlu olması üçün hansı dəstək və tədbirlər vacibdir? Kadr islahatlarının daha effektiv həyata keçirilməsi üçün hansı dəyişikliklər təklif oluna bilər?

Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, yeni təyin olunan kadrlar – istər nazirliklər və icra hakimiyyətlərinin rəhbərləri, istərsə də digər dövlət qurumlarının sədrləri üçün Prezident tərəfindən həm öhdəliklər, həm də konkret tapşırıqlar müəyyənləşdirilib:

“Bu səbəbdən yeni təyin olunan kadrların fəaliyyəti məhz Prezidentin müəyyənləşdirdiyi siyasətə uyğun qurulmalıdır. Xüsusilə son təyinatlara gəldikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Komitəsinin rəhbərliyinə gətirilən şəxslərin əvvəlki iş təcrübəsi nəzərə alınıb. Məsələn, Rəşad İsmayılov nazir müavini kimi çalışıb, Dövlət Komitəsinin sədri isə statistika və maliyyə sahəsində təcrübəyə malik olan şəxsdir. Bu baxımdan, yeni kadrlar praktik təcrübəyə və sahə üzrə biliklərə malikdirlər”.

vuqar bayramov yeni

Vüqar Bayramov

Millət vəkili bildirib ki, hər bir kadrın fəaliyyəti Prezidentin müəyyən etdiyi siyasət və tapşırıqlara uyğun olmalıdır:

“Xüsusilə, fevralın 11-də Prezidentin sədrliyi ilə keçirilən müşavirədə vurğulandığı kimi, yeni yanaşmaların tətbiqi və süni intellektin idarəetmədə daha geniş istifadəsi önəmlidir. Bununla yanaşı, vətəndaş məmnunluğunun artırılması və idarəetmədə çevikliyin gücləndirilməsi də kadrlar üçün əsas istiqamətlərdəndir. Ümid edirik ki, yeni təyin olunan kadrlar Prezidentin etimadını doğruldacaq və bu sahələrdə uğurla fəaliyyət göstərəcəklər”.

Xatırladaq ki, Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışan Natiq Həsənov yanvarın 8-də maliyyə nazirinin müavini təyin olunub. Maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri Azər Bayramov yanvarın 14-də iqtisadiyyat nazirinin müavini vəzifəsinə keçib.

Yanvarın 16-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad edildiyi gün onun yerinə Əfqan Cəlilov gətirilib. Ə.Cəlilov bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini olub. Yanvarın 26-da kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev nazir müavini vəzifəsinə təyin edilib. Eyni gündə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunub.

Yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib. Yanvarın 30-da Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Fevralın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov vəzifəsindən azad olunub. Onun yerinə Vüsal Nəsirli təyin edilib. V.Nəsirli isə daha öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev vəzifəsindən azad edilib. Həmin gün o, Ali Məclisinin qərarı ilə Naxçıvanın Baş naziri təyin olunub.

Fevralın 9-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Fevralın 10-da Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Eyni gündə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov həmin quruma nazir təyin olunub.

Fevralın 10-da Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışan Cəfər Babayev sədrin birinci müavini vəzifəsinə təyin edilib. Həmin gün Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri İlqar Həsənov sədr müavini vəzifəsinə təyin edilib. Fevralın 10-da daha bir təyinat olub. Belə ki, Mirzə Mirzəyev Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: