nazirler

Son günlər ölkədə yüksək vəzifələrə ardıcıl təyinatlar ictimai müzakirələrə səbəb olub. Qısa zamanda həyata keçirilən bu kadr dəyişiklikləri müxtəlif ehtimalları gündəmə gətirib. Xüsusilə də ABŞ-ın vitse-prezidentinin Bakıya səfəri fonunda baş verən proseslər müəyyən suallar doğurub. Bunu Azərbaycanın yeni siyasi sistemə keçidi kimi dəyərləndirənlər də var.

Son iki gündə yüksək vəzifələrə təyinatların arxasında dayanan əsas amil nədir? Niyə 2-3 gün ərzində bu qədər təyinat həyata keçirildi? ABŞ-ın vitse-prezidentinin Bakıya səfəri ilə bu qərarlar arasında hər hansı əlaqə varmı?

Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, ABŞ vitse-prezidentinin Azərbaycana səfəri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən təyinat arasında hər hansı əlaqə görmür:

“Düşünmürəm ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin Azərbaycana gəlişi ekologiya və təbii sərvətlər nazirinin təyinatında hansısa rol oynayır. Bu, sadəcə təsadüfdür, tarixlər üst-üstə düşüb. Keçən ilin fevral ayından ekologiya və təbii sərvətlər naziri vəzifəsi boş idi və onun səlahiyyətlərini birinci müavin icra edirdi. İndi həmin posta təyinat həyata keçirilib. Digər dəyişikliklərə, yəni vəzifədən azad olunanlara və yeni təyin edilənlərə gəlincə, bunun arxasında hər hansı xarici amilin dayandığını fikirləşmirəm”.

iqbal

İqbal Ağazadə

Partiya sədri vurğulayıb ki, yeni təyinatlarda xarici faktorun rolu yoxdur:

“Sadəcə Prezident uyğun bildiyi zamanda təyinatlar edib. Bəziləri rotasiya olunub, bəziləri isə yeni vəzifəyə gətirilib. Ona görə də hesab etmirəm ki, bu qərarların ABŞ-dan gələn yüksək vəzifəli qonaqla hər hansı bağlılığı var”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: