Fevralın 10-da Milli Məclisin iclasında sənədsiz evlərə qaz çəkilməsi təklif olunub. Deputat Razi Nurullayev deyib ki, “Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik edilməli, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilməlidirlər.
Sosial ədalət baxımından bu addım zəruridirmi, yoxsa təhlükəli presedent yaradır? Alternativ olaraq, sənədsiz evlər üçün müvəqqəti və şərti mexanizm tətbiq oluna bilərmi?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, qanunsuz tikililərin qazlaşdırılması məsələsi hələ də aktualdır.
Onun sözlərinə görə, kommunal təchizata qoşulmanın qarşısını alan qərar 2023-cü ilin oktyabr ayında qəbul olunub:
“O zaman sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aktiv müzakirələr gedirdi və gözlənilirdi ki, 2024-cü ildə bu problem həllini tapacaq. Özbaşına tikililərin sənədləşdirilməsi üçün ayrıca qərar qəbul olunacağı planlaşdırılırdı. Hətta vahid informasiya sistemi yaradılması ilə bağlı işlərə başlanmışdı. Lakin təəssüf ki, qeyd olunan qərar bu məsələnin həllində, yəni özbaşına tikililərin meydana gəlməsinin qarşısını almaq baxımından əhəmiyyətli rol oynamadı. Qərarda müəyyən qurumların, xüsusən də müvafiq icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, inzibati cərimələr və hətta cinayət məsuliyyəti ilə bağlı müddəalar nəzərdə tutulsa da, proses praktikada əvvəlki qaydada davam etdi. Əksinə, bəzi vəzifəli şəxslər bu vəziyyətdən şəxsi mənfəət üçün istifadə etməyə başladılar”.
Ramil Osmanlı
Ekspert bildirib ki, əvvəllər vətəndaş 350-400 manat ödəməklə qaz təchizatına qoşula bilirdisə, indi bu məbləğ 10 dəfə artıb və gizli yolla, köhnə tarixlərə yazılmaqla tətbiq olunur:
“Nəticədə, məsələ sosial problemə çevrilib və artıq Milli Məclisdə müzakirə olunur. Deputat Razi Nurullayev vətəndaşların narahatlığını səsləndirib. Hesab edirəm ki, 2023-cü ildə qəbul olunmuş qərarda bəzi dəyişikliklər etmək, müəyyən tarixədək təxirə salmaq olar. Özbaşına tikililərin sənədləşdirilməsi üçün yeni qərar qüvvəyə mindikdə yenidən aktivləşdirilə bilər. Hazırkı vəziyyət vətəndaşların kommunal xidmətlərə qoşulmaqda çətinlik yaşamaları ilə nəticələnir, əlavə subyektiv maneələr yaradır. Bu səbəbdən problemi həll etmək və vətəndaşların rahatlığını təmin etmək üçün məqsədyönlü addımların atılmasına ehtiyac var”.
Zaira Akifqızı
Globalinfo.az